ABŞ İrana İsrailin dəstəyi ilə hücuma keçəcək? - PROQNOZ

ABŞ İrana İsrailin dəstəyi ilə hücuma keçəcək? - PROQNOZ
Kateqoriya məlum deyil
T

İsrail təhlükəsizlik xidmətləri ABŞ-nin İrana mümkün hərbi müdaxiləsi ehtimalı fonunda yüksək hazırlıq vəziyyətinə gətirilib. Məlumata görə, İsrail rəsmiləri hesab edirlər ki, Tehran Vaşinqtonun fevralın 17-də Cenevrədə keçirilmiş danışıqlarda irəli sürdüyü tələblərə dərhal əməl etməyəcəyi təqdirdə, ABŞ tərəfindən genişmiqyaslı hava zərbələri endirilə bilər.

 

Bu ssenarinin reallaşacağı halda, regionda təhlükəsizlik vəziyyətinin kəskin şəkildə dəyişə biləcəyi istisna edilmir. İsrail tərəfi xüsusilə İranın mümkün cavab addımlarından birbaşa və ya regiondakı müttəfiq qüvvələr vasitəsilə həyata keçirilə biləcək hücumlardan ehtiyatlanır. Bu baxımdan hava hücumundan müdafiə sistemlərinin gücləndirildiyi, kritik infrastruktur obyektlərinin mühafizəsinin artırıldığı bildirilir.

 

Bəs görəsən, ABŞ İsrail dəstəyi ilə hücuma keçəcəkmi? 17 fevral danışıqlarına hansı müddətədək əməl olunmasa, ABŞ cavab zərbəsi endirəcək?

 

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Sfera.az-a açıqlamasında bildirib ki, bu əslində Təl-Əvivin Vaşinqtona növbəti təzyiq mesajıdır. Onun fikrincə, İsrail hökuməti ABŞ ilə İran arasında razılaşma ehtimalından ciddi şəkildə narahatlıq keçirir:

 

“İstər ABŞ, İstərsə də İran rəsmiləri müsbət tendensiyanın olması ilə bağlı açıqlamalar veriblər. Eyni zamanda, ABŞ-nin vitse-prezidenti Vensin son açıqlamasında “nüvə silahı”nı xüsusi olaraq qabartması, həmçinin ABŞ-nin İranın faydalı qazıntılarana çıxış əldə etmək istəyi ilə bağlı məsələnin gündəmə gəlməsi diqqətçəkəndir. İran, xüsusilə ballistik raketlərlə bağlı məsələni “qırmızı xətti”i hesab edir və bu tələblə razılaşmayacağını konkret olaraq ifadə edib. ABŞ də bunu bilir, amma görünən odur ki, İsrail lobbisinin təzyiqləri Trampın İrana qarşı şərt kmi məhz İsrailin tezislərini irəli sürməsinə gətirib çıxardı. ABŞ eyni zamanda İrana təzyiqlərini artırmaqla yanaşı, İsrailin tələblərini neytrallaşdırmaq üçün manevrlər edir. Təl-Əvivin də məqsədi İranla ABŞ arasında razılaşmanın əldə olunmaması və müharibənin baş verməsidir. Bunun da müxtəlif səbəbləri var. Müharibə istəytən Təl-Əvivin məqsədi xüsusilə Suriyada möhkəmlənən Türkiyəyə qarşı təhdidlər formlaşdırmaq, onun diqqətinin İrana və oradan gələcək təhdidlərə yönəlməsinə nail olmaq və ümumilikdə bölgənin sabitləşməsinin qarşısını almaqdır”.

 

Siyasi şərhçi qeyd edib ki, Netanyahunun ABŞ səfərində də məqsəd Trampı buna razı salmaq idi:

 

“Amma müharibə Tramp hökumətinin sonunu gətirə bilər. Görünən odur ki, Vaşinqton riskləri nəzərə alaraq, İsrailin ciddi təzyiqlərinə rəğmən danışıqların davam etməsində maraqlı görünür. İranın faydalı qazıntılar və nüvə məsələsi ilə bağlı güzəştə getməsi mümkündür və ABŞ bunu Trampın qələbəsi kimi ictimai rəyə təqdim edə bilər. İran isə sanksiyaların aradan qaldırılması və bunu qələbə kimi təqdim etmək, eyni zamanda ölkəyə investisiya axınını həyata keçirmək və sosial problemləri aradan qaldırmaqla daxili vəziyyəti stabilləşdirməyə çalışır. Hesab edirəm ki, bu hər iki dövlətin maraqlarına cavab verir. Amma əsas məsələ Trampın İsrailin təzyiqlərini necə neytrallaşdıracağıdır”.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ