Ermənistanda yeni parlament sədri bu qadın olacaq? - AÇIQLAMA

Ermənistan siyasi gündəmində növbəti mümkün kadr dəyişikliyi ilə bağlı müzakirələr sürətlənib. İddialara görə, ölkə parlamentinin növbəti sədri postuna İrəvanın ABŞ-dəki keçmiş səfiri Lilit Makuntsun namizədliyi irəli sürülüb.
Bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb. Məlumata əsasən, hakim “Vətəndaş Müqaviləsi” Partiyasında namizədlərlə bağlı üç gün davam edən daxili seçkilər keçirilib və qadınların siyahısında 5-ci nəticəni göstərən Makunts yaxın çevrəsində Baş nazir Nikol Paşinyanın onu növbəti çağırış parlamentin sədri vəzifəsində görmək istədiyini etiraf edib.
Qeyd olunur ki, Makunts vaxtilə Paşinyanın ingilis dili müəllimi olub və uzun illər onun siyasi komandasına yaxın fiqur sayılır.
Məsələ fonunda suallar da artır: Hazırkı spiker Alen Simonyanın mövqeyi zəifləyibmi? Makuntsun mümkün sədrliyi Qərbə, xüsusilə ABŞ-yə yönəlik siyasi mesaj kimi qiymətləndirilə bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Əhəd Məmmədli bildirib ki, iddialara görə, Nikol Paşinyandan sonra baş nazir postuna əsas namizəd məhz Alen Simonyandır. Onun sözlərinə görə, Simonyanda liderlik xüsusiyyətləri mövcuddur:

“Simonyanın görünüşü, karizması və hərəkətləri onu iddialı namizəd kimi göstərir. Ola bilsin, Paşinyan da Simonyanı özünə rəqib kimi gördüyü üçün Lilit Makuntsun namizədliyini irəli sürüb”.
Politoloq qeyd edib ki, yeni sədr namizədi Simonyanla razılaşdırılmış da ola bilər:
“Lilit Makunts Ermənistanın ABŞ-dəki səfiri olub. Makuntsun ABŞ-dəki dairələrlə, erməni lobbisi ilə əlaqələri var. Buna görə də onu ölkənin üçüncü şəxsi kimi seçilməyinə dəstək verilə bilər. Bu ABŞ ilə münasibətlərin düzəlməsi üçün də addım ola bilər. Bunun hansının doğru olduğunu kəşfiyyat orqanları daha yaxşı bilər. Bunlar sadəcə mülahizələrdir. Nəticənin necə olacağını isə zaman göstərəcək”. Qeyd edək ki, hələlik Ermənistan hakimiyyəti tərəfindən parlament sədrliyi ilə bağlı rəsmi açıqlama verilməyib".
Qeyd edək ki, Ermənistan Milli Assambleyasına (parlament) növbəti seçkilər 7 iyun 2026-cı il tarixində keçiriləcək.
Xatırladaq ki, 2021-ci ilin iyununda keçirilən sonuncu növbədənkənar seçkilərdə Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası qalib gəlmişdi.
Firuzə Əliyeva
Sfera.az
