ABŞ Ukraynaya nə təklif edir? - PƏRDƏARXASI MƏQAMLAR

ABŞ Ukraynaya nə təklif edir? - PƏRDƏARXASI MƏQAMLAR
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp 16 fevral tarixində verdiyi açıqlamada bildirib ki, Kiyev Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün daha çox güzəşt göstərməyə başlamalıdır.

 

Bu bəyanat beynəlxalq ictimaiyyətdə birmənalı qarşılanmayıb və ABŞ-nin Ukrayna münaqişəsinə yanaşmasında mümkün siyasi-strateji dəyişikliklərlə bağlı müzakirələri yenidən gündəmə gətirib. Xüsusilə Vaşinqtonun indiyədək vurğuladığı “Ukraynanın ərazi bütövlüyü və suverenliyinin toxunulmazlığı” prinsipinin bu cür açıqlamalar fonunda necə şərh olunacağı sual doğurur.

 

Bu kontekstdə əsas mübahisə doğuran məqam Trampın işlətdiyi “güzəşt” anlayışının konkret məzmunudur.

 

Politoloq Zeynal Əmrəliyev Sfera.az-a açıqlamasında bildirib ki, burada nəzərdə tutulan güzəşt Rusiyanın tələb etdiyi bəzi məsələlərin Ukrayna tərəfindən qəbulu ilə bağlıdır.

 

Onun sözlərinə görə, ABŞ Ukraynaya başa salmaq istəyir ki, müharibədə çətin vəziyyətdə olan tərəf odur və artıq Rusiyanın bəzi tələblərini qəbul etməklə Moskvanı danışıqlar masasında məmnun etməlidir:

 

 

“Trampın əsas niyyəti münaqişənin tez zamanda dayandırılması, sülh müqaviləsi ilə başa çatması və ya dondurulmasıdır, çünki münaqişə uzandıqca ABŞ üçün ciddi problemlər yaradır. Bununla yanaşı, ABŞ Ukraynanın mineral ehtiyatlarının istismarını nəzərdə tutaraq, burada müqavilə bağlayıb və Rusiyanın imkanlarından da Çinə qarşı istifadə etmək niyyətindədir. Güzəştlərin müqaviləsində Ukraynaya ABŞ tərəfindən yüksək səviyyəli investisiyalar, çoxlu iqtisadi zonaların yaradılması və iqtisadiyyatın dirçəldilməsi nəzərdə tutulur, eləcə də təhlükəsizlik təminatı və Avropa İttifaqına üzvlük məsələləri gündəmdədir”.

 

Politoloq vurğulayıb ki, digər tərəfdən, Ukrayna qarşısında Rusiyanın tələbi konkret və ağırdır:

 

“Məsələn, Rusiya BMT-nin mandatı altında Ukrayna ordusunun Dombasdan çıxarılmasını və Dombasın və Krımın həm Ukrayna, həm də Qərb ölkələri tərəfindən Rusiya ərazisi kimi tanınmasını istəyir. Lakin Ukrayna buna razı ola bilməz, çünki bu faktiki olaraq dövlətçiliyə xəyanət olar. Bəzi məsələlərdə razılıq əldə edilə bilər, lakin torpaq itirmək məsələsində Ukrayna güzəşt etməyəcək. Sadəcə müharibəni dondurmaq təklifini qəbul edə bilər, amma Rusiya bunun olmasını istəmir”.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ