ABŞ İranı yalnız havadan hədəf alacaq? - AÇIQLAMA

ABŞ-nin Yaxın Şərqdəki hərbi hazırlıqları Venesuela Prezidenti Nikolas Maduronun saxlanılmasından əvvəl görülən tədbirlər və ya 12 günlük müharibə zamanı İranın obyektlərinə endirilən hava zərbələri ərəfəsində atılan addımlarla müqayisədə daha dərin və davamlı xarakter daşıyır.
Bu barədə “BBC Verify”in məlumatında qeyd olunub. Belə olduqda sual yaranır: bu hazırlıq hava əməliyyatları ilə məhdudlaşacaq yoxsa bölgədə daha fərqli riskli əməliyyatlar gözləniləndir?
Politoloq Tural İrfan Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ-nin Yaxın Şərqdəki hərbi hazırlıqları əsasən İrana ciddi müdaxilə olunacağından xəbər verir. Onun sözlərinə görə, əgər danışıqlar və təziqlər vasitəsi ilə məqsədinə nail olmasa, ABŞ mütləq İrana sarsıdıcı və həlledici zərbələr endirəcək:

“Lakin bu, qısamüddətli hava hücumu ilə məhdudlaşmayacaq. Konkret olaraq rejimə qarşı mübarizə aktuallığını qoruyur. İran Venesueladan fərqli ölkədir, rejim də fərqlidir və Yaxın Şərqdə hərbi dayaqları, proksi qüvvələri var. Ona görə də müdaxilə Venesuelaya edilən əməliyyatdan tam fərqli olacaq. ABŞ maksimum qısa müddətdə və az ziyanla İran məsələsini həll etmək niyyətindədir. Sabiq prezident Corc Buşun İraqa müdaxiləsindən dərs çıxaran Vaşinqton bu dəfə eyni çətinliklərlə qarşılaşmaq istəmir”.
Politoloq qeyd edib ki, müdaxilənin uzanması ABŞ üçün riskli və maliyyətlidir, buna görə uzunmüddətli müharibə əvəzinə fərqli üsullarla həll yolları axtarılır:
“Buraya ali siyasi liderlərə qarşı qəfil əməliyyatlar, kiber hücumla hərbi sistemin iflic edilməsi və indiyədək istifadə edilməmiş silahlardan rejimə sarsıdıcı zərbə endirmək daxil ola bilər. ABŞ danışıqların faydasız olduğunu bilir, sadəcə beynəlxalq aləmdə hüquqi əsas yaratmaq üçün onlara vaxt ayırır. Venesuela liderinə qarşı əməliyyat zamanı Vaşinqtonun addımı dünyada birmənalı qarşılanmadığı üçün İrana qarşı müdaxilə öncəsi müəyyən danışıqlar müddəti ABŞ üçün strateji əhəmiyyət daşıyır”.
Niyaz Hacıyev
Sfera.az
