Azərbaycan Serbiyaya sərmayə qoyur: Ölkəmizə nə qazandıracaq?

Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatında deyib ki, Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır. Dövlətimizin başçısı bildirib ki, elektrik stansiyalarının tikintisi və yenidən qurulması, onların reabilitasiyası hər bir ölkənin gələcək inkişafını təmin edir.
Bu istiqamətdə atılan addımlar ölkəmizə hansı töhfələri verə bilər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Asif İbrahimov bildirib ki, İlham Əliyevin Aleksandar Vuçiç ilə görüşü zamanı Azərbaycanın Serbiyaya investisiya qoymaq niyyətini ifadə etməsi ölkəmizin xarici iqtisadi strategiyası baxımından mühüm və çoxşaxəli əhəmiyyətə malikdir.

Onun sözlərinə görə, ilk növbədə, bu cür investisiyalar Azərbaycanın enerji sektorunda formalaşdırdığı təcrübənin ixracı deməkdir:
“Azərbaycan uzun illərdir elektrik enerjisi istehsalı, xüsusilə də qazla işləyən elektrik stansiyalarının qurulması və idarə olunması sahəsində ciddi potensial formalaşdırıb. Bu təcrübənin digər ölkələrdə tətbiqi Azərbaycanın enerji sahəsində beynəlxalq nüfuzunu artırır. İkinci mühüm məqam iqtisadi gəlirlərlə bağlıdır. Xarici ölkələrdə elektrik stansiyalarına qoyulan investisiyalar uzunmüddətli və stabil gəlir mənbəyi hesab olunur. Bu isə ölkəyə əlavə valyuta axını yaradır, dövlətin və dövlət şirkətlərinin maliyyə imkanlarını genişləndirir. Üçüncü vacib amil siyasi və geoiqtisadi təsirin güclənməsidir. Enerji infrastrukturu strateji sahə olduğu üçün bu cür layihələr Azərbaycan ilə Serbiya arasında uzunmüddətli strateji tərəfdaşlığı möhkəmləndirir və Azərbaycanın Avropada iqtisadi mövqelərini gücləndirir”.
Mütəxəssis sonda qeyd edib ki, bu investisiyalar Azərbaycan şirkətlərinin beynəlxalq bazarlara çıxışını genişləndirir, onların qlobal şirkətlərə çevrilməsi prosesini sürətləndirir. Ümumilikdə, bu addımlar Azərbaycanın yalnız enerji ixrac edən ölkə deyil, həm də kapital ixrac edən və beynəlxalq enerji layihələrində investor kimi çıxış edən ölkəyə çevrildiyini göstərir ki, bu da ölkəmizin iqtisadi gücünün və beynəlxalq rolunun artmasının mühüm göstəricisidir.
Firuzə Əliyeva
Sfera.az
