İran uranla bağlı geri addım atacaq? - ŞƏRH

İran uranla bağlı geri addım atacaq? - ŞƏRH
Kateqoriya məlum deyil
T

İranın nüvə proqramı uzun illər beynəlxalq diqqət mərkəzində olub və xüsusilə uran zənginləşdirmə məsələsi region və qlobal təhlükəsizlik üçün həssas mövzu sayılır. Rəsmi Tehranla beynəlxalq qurumlar arasında aparılan texniki və diplomatik danışıqlar, o cümlədən uran zənginləşdirmə və nüvə fəaliyyətlərinin şəffaflığı ilə bağlı qərarlar həm region ölkələri, həm də nüvə müqavilələrində iştirak edən böyük dövlətlər üçün önəmlidir.

 

Bu kontekstdə, İranın Abbas Əraqçi İsveçrədə nüvə ekspertlərinin müşayiəti ilə Beynəlxalq Atom Enerjisi Agentliyi rəhbəri Rafael Qrossi ilə keçirəcəyi texniki müzakirələr diqqətlə izlənilir. Bu görüşün əsas məqsədi həm uran zənginləşdirmə səviyyələri, həm də nüvə fəaliyyətlərinin beynəlxalq standartlara uyğunluğu məsələlərini müzakirə etməkdir.

 

Sual ortaya çıxır: bu texniki danışıqlar nəticəsində rəsmi Tehran uran zənginləşdirmə məsələsində geri addım ata bilərmi və ya mövqeyində hər hansı yumşalma müşahidə olunacaqmı?

 

Politoloq Rəşad Bayramov Sfera.az-a açıqlamasında bildirib ki, İran xarici işlər naziri Abbas Əraqçinin İsveçrədə Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi ilə texniki müzakirələr aparması rəsmi Tehran ilə beynəlxalq cəmiyyət arasında nüvə məsələsində dialoq kanallarının hələ də açıq olduğunu göstərir.

 

 

Onun sözlərinə görə, bu görüş, həm texniki, həm diplomatik, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyır və İranın uran zənginləşdirməsində qismən geri addım atıb-atmayacağı ilə bağlı bir çox təxminləri gündəmə gətirir:

 

“Hazırkı geosiyasi kontekst çox mürəkkəbdir. ABŞ Hərbi Donanmasının İran sahillərində mövcudluğu, davam edən sanksiyalar və Qərb ölkələrinin təzyiqləri rəsmi Tehrana həm iqtisadi, həm də strateji təzyiq yaradır. ABŞ və Avropa mesaj verir ki, nüvə razılaşması olmadan İranın enerji və hərbi infrastrukturu potensial hədəf ola bilər. Bu təzyiqlər İranın kompromis imkanlarını artırır, amma geri addımın ölçüsü həm daxili siyasi balans, həm də strateji ambisiyalarla məhdudlaşır”.

 

Politoloq qeyd edib ki, görüşün texniki təbiəti, xüsusilə Beynəlxalq Atom Enerjisi Agentliyinin müşahidəsi altında aparılması, qismən geri addım üçün fürsət yarada bilər:

 

“Texniki dialoqlar vasitəsilə İran uran zənginləşdirmə səviyyəsi, nüvə obyektlərinin monitorinqi və yoxlama mexanizmlərinə uyğunlaşma yollarını müzakirə edə bilər. Bu addımlar, tam dayandırmadan ziyadə, qismən geri addım və şəffaflıq təmin etmək xarakteri daşıyır. Yəni Tehran, uran zənginləşdirmədə müəyyən məhdudlaşmaları qəbul edə bilər, lakin proqramın əsas hədəflərini qoruyacağı şübhəsizdir. Belə ki, İranın daxili siyasəti geri addımı müəyyən dərəcədə çətinləşdirir. Mühafizəkar qanad nüvə proqramının genişləndirilməsini dəstəkləyir, islahatçı qanad isə dialoqa açıqdır. Bu balans, diplomatik qərarların ölçülü olmasını şərtləndirir. Ümumilikdə isə görüş texniki səviyyədə qismən kompromis təmin etsə də, tam siyasi razılaşma hələlik mümkün görünmür.

 

Görüş həm də ABŞ və Avropa üçün strateji mesaj rolunu oynayır. Texniki razılaşma və monitorinq imkanları, hərbi hərəkət riskini azaltmaq və diplomatik kanalları açıq saxlamaq üçün vasitə kimi istifadə olunur. Bu, həm də gələcəkdə nüvə sazişinə qismən qayıdış üçün baza yaradır və gərginliyin idarə olunmasına töhfə verir. Qısaca desək, Abbas Əraqçi və Rafael Qrossi arasında keçiriləcək görüş İranın uran zənginləşdirməsində tam geri addım atmamasına baxmayaraq, texniki şəffaflıq və qismən öhdəlikləri təmin etmək üçün diplomatik imkanlar yarada bilər. Zənnimcə ABŞ və Avropanın hərbi və iqtisadi təzyiqləri İranı müəyyən kompromislərə sövq edə bilər, amma rəsmi Tehran yalnız texniki və qismən geri addım yolu ilə diplomatik üstünlük əldə etməyə çalışacaq”.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ