Rubio niyə Zelenski ilə görüşdə şübhəlidir? - ŞƏRH

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında mümkün görüş beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Rubio jurnalistlərə açıqlamasında Zelenskinin Münhendə olacağını gözlədiyini və onunla görüşmək imkanı yaranacağını bildirib. Bununla belə, o, bu görüşün rəsmi olaraq cədvəlinə salınıb-salınmadığına tam əmin olmadığını, lakin böyük ehtimalla baş tutacağını qeyd edib.
Digər tərəfdən, son dövrlərdə Vaşinqtonun həm Kiyevlə, həm də Moskva ilə bağlı ritorikasında müəyyən yumşalma və paralel diplomatik siqnallar müşahidə olunur. Bu kontekstdə Münhendə mümkün təmas yalnız protokol xarakterli görüş olmayıb, müharibənin gedişatına təsir göstərə biləcək mesajların verildiyi platformaya çevrilə bilər.
Bəs, Rubionun tərəddüdü hansı diplomatik və siyasi səbəblərlə bağlıdır? Görüş baş tutarsa, Ukrayna müharibəsinin gedişatında yeni mərhələnin başlanğıcı ola bilərmi?
Sfera.az-a bu haqda açıqlama verən politoloq Zeynal Əmrəliyevin fikirlərinə əsasən, görünür ki, Amerika Birləşmiş Ştatlarının Ukrayna ilə bağlı hansısa fikri var və bu fikri ABŞ-nin xarici siyasətinə rəhbərlik edən şəxs, dövlət katibi Mark Rubio birbaşa Ukrayna prezidenti Volodimir Zelenskiyə çatdırmaq istəyir:

"Yəni buradakı əsas məsələ həm Ukraynanın müəyyən güzəştlərə razı olub-olmaması, eyni zamanda Ukraynanın danışıqlar prosesi ilə bağlı mövqeyini öyrənməkdir. Ola bilər ki, Amerika Birləşmiş Ştatlarının sülhün əldə olunması ilə bağlı müəyyən yeni planları var və həmin planları ilk olaraq rəsmi Kiyevlə müzakirə etmək istəyir. Düşünürəm ki, bu kimi məsələlər müzakirə ediləcək. Çünki son zamanlarda Rusiya ilə danışıqlar yenidən aktivləşib. Hətta ötən günlərdə Amerika Birləşmiş Ştatlarının Maliyyə Nazirliyi Rusiyaya qarşı bəzi sanksiyaların yumşaldıla biləcəyi barədə açıqlama vermişdi. Bu açıqlamadan yola çıxaraq demək olar ki, bəli, Rusiya və Ukrayna arasında sülhün əldə olunması ilə bağlı ABŞ müəyyən təkliflər verə bilər”.
Politoloq bu açıqlamanın həm də Rusiyaya mesaj olduğunu bildirib:
“Rusiyaya mesaj çatdırılır ki, əgər mənim şərtlərimi qəbul edərsənsə, sənə qarşı tətbiq olunan müəyyən sanksiyalar, xüsusilə enerji sektoru ilə bağlı çox ciddi sanksiyalar yumşaldıla bilər. Eyni qaydada cavab, məncə, Ukrayna rəhbərliyinə də veriləcək ki, əgər Ukrayna rəhbərliyi bu prosesi qəbul edərsə, yəni ABŞ-nin təkliflərini qəbul edərsə, Ukrayna rəhbərliyi ilə əməkdaşlıq mümkündür. Əks halda təzyiqlərin edilməsi, yəni müəyyən sanksiyaların tətbiq edilməsi məsələləri aktuallaşa bilər. Hətta Ukrayna rəhbərliyinə verilən silahların da kəsilməsi prosesi aktuallaşa bilər. Yəni bütün bunlara görə, məncə, Rubionun Zelenski ilə görüşü həm təklif, həm də təhdid xarakteri daşıyır”.
Bəsti Rəfizadə
Sfera.az
