Üçüncü Dünya müharibəsi başlayır? - Hərəkətə keçdilər...

Politico nəşrinin məlumatına əsasən, Qərb ölkələrinin sakinləri dünyanın qlobal müharibəyə doğru hərəkət etdiyinə çox inanırlar. ABŞ, Böyük Britaniya və Avropa İttifaqı ölkələrinin vətəndaşları yaxın beş il ərzində Üçüncü Dünya müharibəsinin başlamasını tam real ssenari hesab edirlər. Amma bu narahatlığın kəskin artmasına baxmayaraq, Qərb cəmiyyətləri öz müdafiələrinin gücləndirilməsi naminə maliyyə fədakarlıqları və vergilərin artırılmasına hazır deyillər.
Maraqlıdır, bu xəbər nə dərəcədə reallığı əks etdirir? Əgər belə bir hal baş versə, hansı ölkənin müharibəni başlatması daha yüksək ehtimal olunur?
Sfera.az-a mövzu ilə bağlı açıqlama verən politoloq Rəşad Bayramov son dövrlərdə Qərb ölkələrinin əhalisi arasında qlobal müharibə ehtimalına dair narahatlığın əhəmiyyətli dərəcədə artdığınən həqiqət olduğunu deyib:

“Məlumatlara əsasən, ABŞ, Böyük Britaniya və Avropa İttifaqı vətəndaşlarının təxminən 40-55%-i növbəti beş il ərzində Üçüncü Dünya Müharibəsinin baş verməsini real hesab edir. Bu narahatlıq əsasən mövcud beynəlxalq gərginliklərdən, yəni Rusiya‑Ukrayna münaqişəsi, Çin‑Tayvan qarşıdurması, Yaxın Şərqdə regional münaqişələr və qlobal güc balansının qeyri‑sabitliyindən qaynaqlanır. İnsanlar belə bir müharibənin nüvə elementlərini və genişmiqyaslı insan itkilərini ehtiva edə biləcəyini düşünərək qorxuya düşürlər. Lakin buna baxmayaraq bütün bu narahatlıq fonunda Qərb ölkələri vətəndaşlarının öz müdafiələrini gücləndirmək üçün maliyyə və vergilərdən fədakarlıq etməyə hazır olmadığı da ortadadır. Məsələn, Britaniyada aparılan sorğuda yalnız 6% respondent müdafiə üçün vergiləri artırmağa razılıq verib, 30% isə buna qarşı çıxıb. Bu, ictimaiyyətin təhlükəsizlik narahatlığı ilə real maliyyə məsuliyyəti arasında ciddi uçurum olduğunu göstərir. Eyni zamanda, ABŞ və Avropa dövlətlərində də əhali yüksək gərginlik və təhlükə qorxusuna baxmayaraq, dövlət xərclərinin artırılması üçün kifayət qədər dəstək vermir. Bu isə öz növbəsində hakimiyyətlər üçün ciddi problem yaradır, çünki onlar həm ictimai qorxunu azaltmalı, həm də müdafiə xərclərini təmin etməlidirlər”.
Politoloq bu narahatlığın, eyni zamanda, obyektiv geosiyasi risklər ilə qarışdığını qeyd edib:
“Rusiya, Çin və ABŞ kimi qlobal güclərin hər biri bölgələrdə qarşıdurmalar yaratmaq potensialına malikdir. Rusiya‑Ukrayna müharibəsi artıq NATO və Qərb ölkələrinin diqqətini çəkib və Şərqi Avropada genişmiqyaslı qarşıdurma riski mövcuddur. Çin‑Tayvan gərginliyi isə Asiya‑Sakit okean bölgəsində müharibə potensialını artırır. Yaxın Şərqdə ABŞ‑İran və İsrail‑təhlükəsizlik qarşıdurmaları da beynəlxalq münaqişə risklərini yüksəldir. Lakin nüvə silahlarının mövcudluğu və qlobal iqtisadi fəlakət ehtimalı səbəbindən belə münaqişələr çox yüksək ehtimallı deyil. Qərb ictimaiyyətinin narahatlığı, əsasən subyektiv qavrayışa əsaslansa da, bu qorxular tamamilə əsassız da deyil. Əhali qlobal güc balansının dəyişməsini müşahidə edir və gərginliklərin artmasından ehtiyat edir. Bununla belə, yaxın illərdə genişmiqyaslı və uzunmüddətli, xüsusilə də nüvə müharibəsinin baş verməsini real risklərdən çox, medianın və sosial şəbəkələrin təsiri ilə formalaşan subyektiv qorxu kimi qiymətləndirmək daha düzgün olar. Əgər belə bir müharibə baş verərsə, potensial risk mənbələri arasında Rusiya‑Qərb qarşıdurması, Çin‑ABŞ Tayvan münaqişəsi və Yaxın Şərqdə regional toqquşmalar xüsusi yer tutur. Lakin hazırkı geosiyasi və iqtisadi şərtlər, nüvə silahlarının varlığı və beynəlxalq diplomatik mexanizmlər belə bir ssenarinin real ehtimalını məhdudlaşdırır. Odur ki, mən Qərb vətəndaşlarının Üçüncü Dünya Müharibəsi ehtimalına dair narahatlığını həm real geosiyasi tendensiyalar, həm də subyektiv qorxuların qarışığı kimi dəyərləndirərdim”.
Fidan Hacızadə
Sfera.az
