ABŞ Rusiya-Ukrayna müharibəsindən geri çəkilir? - AÇIQLAMA

ABŞ-də 2026-cı il aralıq Konqres seçkiləri yaxınlaşdıqca Vaşinqtonun xarici siyasət prioritetlərində mümkün dəyişikliklər müzakirə mövzusuna çevrilib. “The Atlantic” məlumatına görə, ABŞ prezidenti Donald Tramp yaxın həftələrdə administrasiyasının Ukraynadakı münaqişənin həllində aktiv iştirakını dayandıra bilər.
Nəşr yazıb ki, “Ukraynalılar vaxtın tükəndiyini hiss edirlər. Növbəti həftələrdə seçki kampaniyası Trampın diqqətini getdikcə daha çox cəlb etdiyindən, o, danışıqların siyasi uğursuzluq olduğuna qərar verə bilər. Daha sonra isə diplomatik nəticəsizliyi tərəflərdən birinin və ya hər ikisinin barışmaz mövqeyi ilə əsaslandıraraq geri çəkilə bilər”.
Vaşinqtonun mümkün geri çəkilməsi Rusiyanın mövqeyini gücləndirər, yoxsa əksinə, yeni diplomatik formatların yaranmasına səbəb olacaq?
Sfera.az-a bu haqda açıqlama siyasi şərhçi Şakir Ağayevin fikirlərinə əsasən, əgər Tramp müəyyən bir ilə qədər Rusiya-UKrayna müharibəsinin dayandırılmasına nail ola bilməsə, ümumiyyətlə, bu müharibədə Amerikanın hər hansı bir formada iştirakından imtina edə bilər:

“Tramp müsahibələrində deyir ki, bu, Baydenin müharibəsidir, bizim müharibəmiz deyil. Amma o, özünün səsləndirdiyi rəqəmlərə görə artıq uzun sürən bu müharibəni bitirmək istəyir. Biz də bilirik ki, Trampın hakimiyyət dövründə əsas prioritetlərdən biri xarici siyasət olub və indi Amerika daxili siyasətində hələ də istədiklərinə nail olmağa çalışır. Bu, miqrasiya ilə bağlıdır, iqtisadi göstəricilərlə bağlıdır və digər məsələlərdir. Noyabrda seçkilər yaxınlaşdıqca, sözsüz ki, daxili siyasətə istiqamət daha da güclənməlidir. Çünki əgər demokratlar burada qalib gəlsələr, qalan müddətdə Tramp üçün idarəetmə çətin ola bilər. Tramp bunu birinci prezidentliyi dövründə görüb, demokratlar Konqresdə çoxluq təşkil edirdi və o, istədiyi siyasəti tam şəkildə həyata keçirə bilmirdi. Ona görə belə bir versiya var. Digər versiya isə budur ki, Tramp çalışacaq ki, xüsusilə Ukrayna məsələsi ilə bağlı proses yayadək yekunlaşsın ki, respublikaçıların Konqresdə üstünlük qazanmaq şansı artsın və Trampın əlində arqument olsun ki, demokratların başladığı, Amerikaya lazım olmayan və ölkəni cəlb etdiyi müharibəni mən bitirdim. Bu da Tramp üçün üstünlük ola bilər”.
Ekspert hazırda dünyanın ən böyük, ən təhlükəli və uzun sürən müharibəsinin məhz Rusiya-Ukrayna müharibəsi olduğunu bildirib:
"Əgər ABŞ prosesdən çıxarsa, üçüncü bir diplomatik formatın yaranması mümkün görünmür. Çünki Avropa Rusiya ilə danışıqlar prosesində fəal iştirak etmir. Baxmayaraq ki, Makron və digər Avropa liderləri bildirirlər ki, Rusiya ilə danışıqlara başlamaq lazımdır, öz mövqeyimizi özümüz çatdırmalıyıq. Mən inanmıram ki, Avropa formatı effektiv nəticə verə bilər. Çünki Avropa sırf Ukraynanın mövqeyindən çıxış edən tərəf kimi görünür və Rusiya da Avropanı bu münaqişədə Ukraynanın tərəfi kimi qəbul edir. Ona görə yeni diplomatik formatın yaranacağını düşünmürəm. Əgər Amerika çıxarsa, müharibə davam edəcək və sonda kimin məğlub olması məsələsi ilə yekunlaşacaq. Qaldı Amerikanın çıxmasının Rusiyaya necə təsir edəcəyinə. Rusiya tərəfinin marağı odur ki, ən azı Amerika neytral mövqe tutsun. Hətta ABŞ prosesdən çıxarsa, Rusiya düşünür ki, bu, onlar üçün o qədər də zərərli olmaz. Ən azı Ukrayna Tramp hakimiyyəti dövründə silah və maliyyə təminatından məhrum ola bilər və bu halda Rusiyanın manevr imkanları daha da genişlənər. Ukrayna tərəfi isə düşünür ki, Amerika çıxarsa, Avropa daha fəal iştirak edə bilər. Amma bildiyimiz kimi, Avropanın nə silah, nə də maliyyə baxımından Amerikanın səviyyəsində gücü yoxdur”.
Ş.Ağayevin fikrincə, Ukrayna sözsüz ki, Amerikanın bu prosesdən çıxmasını istəmir:
"Çünki ABŞ çıxarsa, Rusiya ilə Ukrayna faktiki olaraq üz-üzə qalacaq. Avropa Ukraynanın yanında olsa da, onun gücü Amerika ilə müqayisə edilə bilməz. Bu baxımdan yeni diplomatik formatın yaranacağına inanmıram. Zaman göstərəcək ki, hadisələr hansı istiqamətdə inkişaf edəcək. Tramp prosesdən çıxacaqmı, yoxsa noyabra qədər müharibəni bitirib seçkilərə münaqişəni dayandıran prezident kimi gedəcək, bunu qarşıdakı aylar müəyyən edəcək”.
Bəsti Rəfizadə
Sfera.az
