Aİ liderləri ortaq problemlərə görə toplaşdı

Avropa İttifaqının liderləri bu gün Belçikadakı Alden Biesen qəsrində bir araya gəlib. Görüşdə blok ABŞ Prezidenti Donald Trampın düşmənçiliyi, Çinin iqtisadi təzyiqləri və Rusiyanın hibrid təhlükələri ilə üzləşdiyi bir dövrdə Aİ-nin gələcək strategiyasını müzakirə edib.
Sfera.az “AP News”a istinadən xəbər verir ki, Belçikanın Baş naziri Bart De Vever bildirib ki, Avropa liderləri kurslarını yenidən nəzərdən keçirməli, blokun istiqamətini müəyyənləşdirməlidirlər.
“Bəzən elə hiss edirik ki, gəminin körpüsündə dayanıb sükanı tuta bilmədən üfüqə baxırıq”, – deyə o əlavə edib. Almaniya kansleri Fridrix Merz və İtaliyanın Baş naziri Corca Meloni Vaşinqtonla münasibətləri yenidən qurmağa və Cənubi Amerikanın Merkosur ölkələri ilə ticarət əlaqələrini gücləndirməyə çağırıb. Digər tərəfdən, Fransa Prezidenti Emmanuel Makron Aİ-nin strateji sektorlarda Avropa şirkətlərinin prioritetini qorumasını və sənayeni müdafiə etməsini tələb edib.
Makron bildirib ki, əgər Avropa strateji sahələrdə üstünlüyünü təmin etməsə, avropalı şirkətlər xarici rəqiblər qarşısında kənara atılacaq. O, həmçinin “avrobondlar” vasitəsilə blokun maliyyə gücünü artırmaq və dolların hegemonluğuna meydan oxumaq planlarını açıqlayıb. Merz və Meloni isə iqtisadi tənzimləmələrin ləğvi, ticarət əlaqələrinin şaxələndirilməsi və infrastruktura investisiyaların artırılması ilə Aİ-nin vahid bazarını gücləndirməyi təklif ediblər.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen çıxışında bildirib ki, “qlobal səhnədəki gücümüz iqtisadi cəbhədəki gücümüzdən çox asılıdır”.
Rəsmi sorğulara görə, Aİ vətəndaşları blokun daha vahid və güclü liderliyinə can atır.
Bəsti Rəfizadə
Sfera.az
