Zelenski seçki anonsu ilə hansı mesajı verdi? - AÇIQLAMA

Zelenski seçki anonsu ilə hansı mesajı verdi? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Ukrayna Prezidenti Volodimir Zelenski, fevralın 24-də həm prezident seçkiləri, həm də sülh sazişi üzrə referendum keçirilməsi planlarını açıqlaya bilər. Fevralın 24-ü ölkədə müharibənin ildönümünə təsadüf edən gündür.

 

Bu addım yalnız məzmun etibarı ilə deyil, həm də siyasi simvolizm baxımından çox önəmlidir. Belə bir qərar, Zelenskinin həm daxili, həm də beynəlxalq auditoriyaya bir neçə mesaj vermək niyyətində olduğunu göstərib.

 

Maraqlıdır, Zelenskinin müharibə şəraitində prezident seçkiləri keçirmək qərarı Ukrayna cəmiyyətinə hansı mesajı verir? Seçkilər müharibənin gedişinə təsir göstərə bilərmi?

 

Sfera.az-a bu haqda açıqlama verən politoloq Züriyə Qarayeva Zelenskinin müharibə şəraitində prezident seçkiləri və sülh sazişi üzrə referendum ideyasını gündəmə gətirməklə, ilk növbədə siyasi legitimlik mesajı vermək istədiyini bildirib:

 

 

“Bu addım həm daxili auditoriyaya, həm də Qərbə yönəlib. Daxildə Zelenski demək istəyir ki, müharibə Ukraynada demokratiyanı dayandırmayıb və hakimiyyət fövqəladə şəraitdən sui-istifadə etmir. Xaricə isə mesaj daha stratejidir. Kiyev yalnız hərbi deyil, institusional baxımdan da ayaqdadır və qərarlarını xalqın iradəsinə söykəndirir. Eyni zamanda referendum ideyası sülh mövzusunda məsuliyyəti təkcə siyasi rəhbərliyin yox, bütövlükdə cəmiyyətin üzərinə paylaşdırmaq cəhdi kimi də oxuna bilər”.

 

Politoloq seçkilərin müharibə gedişinə birbaşa hərbi təsirinin məhdud olduğunu, siyasi və psixoloji təsirinin isə real göründüyünü vurğulayıb:

 

“Bir tərəfdən, seçki prosesi Ukraynanın beynəlxalq dəstəyini möhkəmləndirə, “demokratik müttəfiq” imicini gücləndirə bilər. Digər tərəfdən isə müharibə şəraitində seçkilər risklər də yaradır. Məsələn, cəmiyyətin daxildən parçalanması, populist çağırışların güclənməsi və Rusiyanın informasiya müharibəsi alətlərindən daha aktiv istifadə etməsi ehtimalı arta bilər. Yəni bu addım Ukraynanın mövqeyini həm gücləndirə, həm də diqqətlə idarə olunmazsa, daxili siyasi sabitliyi zəiflədə biləcək ikitərəfli təsir potensialına malikdir”.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ