Netanyahu ABŞ-dən İranla bağlı azadlıq istədi - Nələr yaşanacaq?

İsrail Baş naziri Benyamin Netanyahu ABŞ ilə İran arasında aparılan danışıqların yalnız nüvə proqramı ilə məhdudlaşmadığından əmin olmaq istəyir. Netanyahuya görə, Tehranın raket proqramı, nüvə fəaliyyətinə qoyulan məhdudiyyətlər və rejimin regiondakı proksi qüvvələrə verdiyi dəstək də danışıqların əsas mövzularına daxil edilməlidir.
Baş nazir narahatdır ki, ABŞ yalnız zəif və kifayət qədər möhkəm olmayan nüvə sazişi ilə razılaşsa, İsrail öz müstəqil hərbi əməliyyat imkanını itirə bilər və yaranan təhlükəni aradan qaldırmaq üçün sərbəst hərəkət edə bilməz. Buna görə də ehtimal edilir ki, Netanyahu Prezident Donald Trampla aparacağı görüşlərdə İsrailə İrana qarşı hərbi və strateji fəaliyyət azadlığının təmin edilməsini tələb edəcək.
Ümumiyyətlə, ABŞ İsrail üçün İrana qarşı tam fəaliyyət azadlığını təmin edə bilərmi və bunun regiondakı geopolitik balanslara təsiri necə olacaq?
Bütün bu suallara sabiq deputat, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu Sfera.az-a açıqlamasında münasibət bildirib. Onun sözlərinə görə, ABŞ İranın nüvə enerjisinin zənginləşdirilməsi məsələsini müzakirə etmək istəyir və eyni zamanda İranın raket proqramı və Yaxın Şərqdəki fəaliyyəti də müzakirə mövzusu olub:

“Bu, İranı narazı salıb və İran bildirib ki, nüvə enerjisinin çərçivəsini aşan detalları müzakirə etmək niyyətində deyil. Eyni zamanda İran dinclik məqsədli Uranın zənginləşdirilməsi hüququnu özündə saxlayır və nüvə silahına sahib olmamağa razıdır. ABŞ-nin mövqeyi isə ondan ibarətdir ki, İranın nüvə silahı olmamalıdır. Yəni ABŞ qəti şəkildə nüvənin zənginləşdirilməsinin qarşısını almaq istəyir. Bu baxımdan burada müəyyən qeyri-müəyyənlik mövcuddur. Belə olan halda İsrail tərəfi öz razılığını bildirir və qəti şəkildə istəyir ki, danışıqlarda İranın raket proqramı da müzakirə olunsun. Bildiyimiz kimi, İran 2025-ci ilin iyunundan sonra uzaq mənzilli balistik raket istehsalını əhəmiyyətli dərəcədə artırıb və bu barədə açıqlama verib. İsrail tərəfi isə bunu öz təhlükəsizliyi üçün potensial risk hesab edir. Çünki həmin raketlərin İsrail ərazisini vurma ehtimalı mövcuddur. Bu baxımdan İsrail İranın raket proqramının tam dayandırılmasını və silahlı birləşmələrə, proksi qüvvələrə dəstəyin tamamilə dayandırılmasını tələb edir. ABŞ-dən isə bunu danışıqların predmeti kimi əhatə etməsini istəyir”.
Politoloq Netanyahunun ABŞ-yə təcili müraciət etdiyini və əsas məqsədin İrana qarşı qətiyyətli addımların atılmasını təmin etmək olduğunu bildirib:
“ABŞ regionda hərbi qüvvələrini cəmləşdirib və Tramp ümid edir ki, İranla məqbul razılaşma əldə oluna bilər. Bu baxımdan eskalasiyaya gedilməyəcək, çünki eskalasiya regionda ciddi qarşıdurma yaradıb vəziyyəti idarəolunmaz hala gətirə bilər. O ki qaldı İsrailin ABŞ-nin iştirakı olmadan fəaliyyət göstərə bilməsinə, düşünülür ki, İsrail regionda təkbaşına fəaliyyət göstərmək niyyətində deyil. ABŞ indiki reallıqlar fonunda region proseslərinə birbaşa müdaxilə edəcək, lakin daxili siyasi vəziyyətə görə gərginliyi artırmaqdan çəkinəcək. Bu baxımdan ABŞ İranla danışıqların davam etdirilməsində maraqlı olacaq. Tramp bildirib ki, regiona ikinci nəhəng aviyasiya qüvvəsini də göndərə bilər. Bu da göstərir ki, ABŞ təzyiqləri artırmaqla İranı istədiyi razılaşmaya məcbur etməyə çalışır. Bu baxımdan həm İsrailin, həm də ABŞ-nin təkbaşına İranla eskalasiya və açıq qarşıdurma vəziyyəti hələlik baş verməyəcək”.
Bəsti Rəfizadə
Sfera.az
