"Xeyir-şərimiz bir olmayıb” – Partiya sədrləri yas mərasiminə qatılacaq?

Xəbər verdiyimiz kimi, Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı vəfat edib. Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən mərhum müalicə məqsədilə Türkiyədə olub. Fəzail Ağamalının nəşi dünən gecə saatlarında Azərbaycana gətirilib. Onun dəfn mərasimi bu gün saat 12:00-da Heydər məscidinin qarşısında keçiriləcək.
Sfera.az-ın əməkdaşı mərhum Fəzail Ağamalının vəfatı ilə bağlı bir sıra siyasi partiya sədrləri ilə əlaqə saxlayıb.
Mərhumla bağlı xatirələrini bölüşən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, Fəzail Ağamalı Azərbaycan dövlətçiliyi üçün hər zaman əziyyət çəkmiş, özünəməxsus həyat yolu keçmiş bir insan idi:

“Elçibəy hakimiyyəti dövründə bir yerdə işləmişik. Həm də partiya sədri kimi birgə fəaliyyətimiz olub. Rəhmətlik daim Azərbaycan müstəqilliyinin əbədi olması uğrunda mübarizə aparıb. Çox söz demək olar, çox təəssüf doğuran məqamlar var. Partiyasında baş verən hadisələr onu çox narahat edirdi. Biz də ona belə məsələlərə həddindən artıq fikir verməməyi tövsiyə edirdik. Amma o, hər şeyi ürəyinə salırdı. Bu da səhv idi. Ailəsində də çətinliklər və əziyyətlər oldu. Allah rəhmət eləsin”.
Eyni zamanda Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlal oğlu Məmmədov Fəzail Ağamalının Azərbaycan xalq hərəkatının ilk günlərindən iştirak edən şəxslərdən biri olduğunu deyib. Onun sözlərinə görə, Fəzail Ağamalını 1986-cı ildən tanıyır:

“İlk dəfə biz Naxçıvanda Azərbaycan siyasi qüvvələrinin toplantısını keçirərkən orada 5 partiya iştirak edirdi. Onlardan biri də Fəzail bəyin təmsil etdiyi partiya idi. Çünki Ana Vətən Partiyası Azərbaycan müstəqilliyinin ərəfəsində yaranmışdı. Sonrakı dövrlərdə əvvəl Elçibəy dövründə də yüksək vəzifədə təmsil olundu. Xüsusən Surət Hüseynovla bağlı proseslər bizim yaddaşımızdadır. Ondan sonra Heydər Əliyevlə hüquqi münasibətlər quraraq uzun müddət Azərbaycan parlamentində təmsil olundu”.
S. Cəlaloğlu əlavə edib ki, ümumilikdə, Fəzail Ağamalı Azərbaycanda özünəməxsus bir yol keçib:
“Həm Azərbaycan müstəqilliyi uğrunda mübarizə aparan, həm də müstəqilliyin tərəfdarı olan bir adam idi. Yeni hakimiyyətlə əməkdaşlığı da uğurla həyata keçirdi. Yəni, Azərbaycanda öz yeri və rolu olan şəxslərdən biridir. Mən onunla dəfələrlə debatlara çıxmışam. Çox yüksək mədəniyyətə malik, sözünün yerini bilən bir insan kimi yaddaşıma həkk olunub. Allah rəhmət eləsin, yaxşı bir insan idi”.
Müsavat Partiyasının sədri Arif Hacılı mərhumla münasibətlərinin xeyir və şər mərasimlərində iştirak edəcək səviyyədə olmadığını bildirib. O qeyd edib ki, mərhumu 1989-cu ildən tanıyır:

“1989-cu ildən tanıdığım bir siyasətçidir. O, opponentlərinə qarşı iqtidar tərəfdarı olsa da, müxalifətə qarşı xüsusi aqressivliyi ilə seçilməyən bir siyasətçi kimi tanınırdı. Son onilliklər ərzində ölkə daxilində hər hansı təmaslarımız olmayıb”.
Ümid Partiyasının sədri İqbal Ağazadə isə dəfn mərasimində iştirak etmədiyini, lakin yas mərasimində iştirak edəcəyini bildirib:

“Allah rəhmət eləsin”.
AĞ Partiyanın sədri Tural Abbaslı isə Fəzail Ağamalının müasir Azərbaycan siyasətində yadda qalan, özünəməxsus yeri olan aktiv siyasi aktorlardan biri olduğunu söyləyib:

“Azərbaycan siyasi tarixinə diqqət yetirsək görərik ki, Fəzail bəy Azadlıq hərəkatından tutmuş ömrünün son anlarına qədər siyasi səhnədə daim aktiv siyasi fiqur olub. Həm partiya sədri kimi, həm də altı çağırış Milli Məclisin deputatı kimi fəaliyyət göstərib. Bu, özü-özlüyündə çox böyük göstəricidir. Təxminən 30 il qanunverici orqanda təmsil olunub və bu təmsilçilik məhz partiya rəhbəri statusunda olub. Müxtəlif dövrlərdə baş verən siyasi proseslərdə, dönüş nöqtələrində və önəmli məqamlarda Fəzail Ağamalı obrazı hər zaman gündəmdə olub, ön sırada yer alıb və özünəməxsus mövqeyi ilə seçilib. Onu dəstəkləyənlər də ola bilərdi, dəstəkləməyənlər də. Biz hər hansı siyasi mövqeyini qəbul edə və ya etməyə bilərik, amma bu, onun siyasi fiqur kimi varlığını və rolunu inkar etməyə əsas vermir”.
Sədrin fikrinə əsasən, Fəzail Ağamalı sonuna qədər müasir Azərbaycan siyasi tarixində aktiv fiqur olaraq qalıb, özünəməxsus yerini və rolunu qoruyub:
“Vəfat etdiyi günə qədər də aktiv siyasi obrazını saxladı. Səhv etmirəmsə, vəfatından bir-iki gün əvvəl də müxtəlif mövzularla bağlı müsahibələr verirdi, xüsusilə də partiyası ətrafında baş verən hadisələrlə bağlı mövqeyini açıqlayırdı. Fəzail Ağamalı Azərbaycan siyasətinin bir reallığı idi. Bu gün bizə düşən Allahdan ona rəhmət diləməkdir. Son dövrlərdə şəxsi ünsiyyətimiz də formalaşmışdı. Bir ağsaqqal kimi münasibətimiz var idi, arada görüşür, çay içir, söhbət edirdik, ümumi dostlarla bir araya gəlirdik. Yenə də qeyd edirəm, siyasi mövqelərimiz üst-üstə düşməyə bilər, amma hər şey siyasətdən ibarət deyil. İnsani keyfiyyətləri baxımından da yaxşı insan idi. Allah günahlarını bağışlasın. Dəfn mərasimində imkan daxilində iştirak etməyə çalışacağıq. Ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk”.
Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu dəfn mərasimində mütləq iştirak edəcəyini deyib:

“Təbii ki, birincisi, bu, vəfa borcumuzdur; ikincisi, həmkarımızdır; üçüncüsü isə kimlərin bəyənməsindən və ya bəyənməməsindən asılı olmayaraq, ölkənin kifayət qədər ictimai-siyasi həyatında yaxından iştirak etmiş, doğru bildiklərini tətbiq etmiş bir ictimai xadimdir. Ruhu şad olsun, məkanı cənnət olsun. Keçmiş həmkarımız olub. Allahdan qızına, hazırkı həmkarımıza səbir diləyirik. Partiyasının üzvlərinə öz adımdan və rəhbərlik etdiyim GAP Partiyası adından dərin hüznlə başsağlığı veririk”.
A. Şakiroğlu hesab edir ki, hər bir siyasi partiya bu mədəniyyəti göstərməlidir:
“2020-ci ildən ölkəmizdə formalaşan siyasi həmrəylik bundan sonra da yüksələn xətlə davam etməlidir. Yenə deyirəm, baxışlar müxtəlif ola bilər, yanaşmalar fərqli ola bilər. Amma unutmayaq ki, bu, siyasətdir. Ruhu şad olsun. Azərbaycan üçün, Azərbaycan ictimaiyyəti və Azərbaycan cəmiyyəti üçün böyük itki hesab edirik”.
Qeyd edək ki, F. Ağamalı Milli Məclisin II, III, IV, V və VI çağırış deputatı olub.
Fidan Hacızadə
Sfera.az
