"İsrail bununla ABŞ-yə psixoloji təzyiq edir"

İsrailin yüksək rütbəli hərbi rəsmiləri son vaxtlar amerikalı həmkarları ilə təmaslar zamanı Tel-Əvivin ballistik raket proqramına görə İrana təkbaşına zərbə endirməyə hazır olduğu barədə Vaşinqtonu xəbərdar ediblər.
Məlumata görə, İsrail tərəfi İranın ballistik raket proqramını nüvə proqramı qədər ciddi təhlükə kimi qiymətləndirir.
Bu addım növbəti mərhələdə ABŞ-İsrail münasibətlərinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Rəşad Bayramov söyləyib ki, İsrailin yüksək rütbəli hərbi rəsmilərinin amerikalı həmkarları ilə təmaslarda Tel-Əvivin İranın ballistik raket proqramına görə təkbaşına hərbi zərbə endirməyə hazır olduğu barədə Vaşinqtonu xəbərdar etməsi birbaşa müharibə anonsu deyil, daha çox siyasi və psixoloji təzyiq alətidir. Ekspert İsrail üçün "qırmızı xətt"in dəyişdiyini də əlavə edib:

“Bu mesaj təkcə hərbi xarakter daşımır, eyni zamanda ABŞ-İsrail münasibətlərinin gələcək dinamikası baxımından ciddi siyasi məna kəsb edir. İsrail tərəfinin İranın ballistik raket proqramını nüvə proqramı ilə eyni səviyyədə təhlükə kimi qiymətləndirməsi əslində yeni məsələ deyil. İsrail əvvəlllər də İranın raket proqramı ilə bağlı narahatlığını dəfələrlə ifadə edib. Lakin əvvəlki mərhələdə əsas qırmızı xətt İranın nüvə silahı əldə etməsi idisə, hazırda İsrail üçün uzun mənzilli və yüksək dəqiqliyə malik ballistik raketlər belə strateji təhlükə kimi qəbul olunur. Tel-Əviv hesab edir ki, nüvə başlığı olmasa belə, bu cür raketlər İranın regional çəkindiricilik imkanlarını artırır və İsrailin təhlükəsizlik üstünlüyünü zəiflədir. Bu yanaşma preventiv zərbə konsepsiyasını daha geniş və riskli müstəviyə daşıyır. Məsələnin ABŞ-İsrail münasibətlərinə təsiri isə qısa və uzunmüddətli aspektlərdə fərqlənir. Qısa müddətdə İsrailin Vaşinqtonu fakt qarşısında qoymağa yönəlmiş bu xəbərdarlıqları ABŞ administrasiyasında təbii narahatlıq doğurur. Vaşinqton regionda genişmiqyaslı eskalasiyadan, İranın mümkün cavab addımlarından və bunun ABŞ qüvvələrini və müttəfiqlərini hədəf halına gətirməsi riskindən narahatdır. Başqa sözlə desək ABŞ üçün əsas risk İsrailin zərbəsi deyil, zərbədən sonra nəzarətdən çıxa biləcək regional böhrandır”.
Politoloq bununla belə, orta və uzunmüddətli perspektivdə bu cür gərginliyin ABŞ-İsrail strateji ittifaqını sarsıtması ehtimalının zəif olduğunu bildirib:
“Tarixi təcrübə göstərir ki, İsrail ABŞ-nin açıq razılığı olmadan hərbi əməliyyatlara əl atsa belə, tərəflər arasında münasibətlər taktiki səviyyədə soyusa da, strateji əməkdaşlıq qorunub saxlanılıb. Bu baxımdan, mümkün zərbə münasibətlərin qırılması deyil, uzaqbaşı müvəqqəti siyasi gərginlik yarada bilər. İsrailin ABŞ-nin razılığı olmadan İrana təkbaşına zərbə endirmə ehtimalı isə müvafiq şərtlərdən asılıdır. İranın raket proqramında kəskin keyfiyyət sıçrayışı, eləcə də İsrail təhlükəsizlik elitası daxilində konsensusun formalaşması bu ehtimalı artıran əsas amillərdir.
Eyni zamanda İranın cavab potensialı, xüsusilə Hizbullah, Həmas və digər proksi qüvvələr vasitəsilə çoxcəhətli qarşıdurma riski və İsrailin təkbaşına uzunmüddətli hərbi kampaniya aparmaq imkanlarının məhdudluğu bu addımı riskli edir. Ümumi olaraq qiymətləndirsək, İsrailin Vaşinqtona verdiyi mesajı ABŞ-yə seçim təqdim etmək kimi qəbul edə bilərik. İsrail bununla bir tərəfdən ABŞ-İran danışıqlarında təkcə nüvə məsələsinin deyil, raket sistemləri ilə bağlı məsələnin də masaya yatırılmasına çağırış edir, digər tərəfdən isə İsrailin öz təhlükəsizlik prioritetlərinə uyğun olaraq təkbaşına hərəkət edəcəyini qəbul etdirmək istəyir”.
Fidan Hacızadə
Sfera.az
