İranla müharibə proqnozu verildi - "Özünü doğruldacaq"

Amerikalı analitik Mark Levin bildirib ki, İran rejimi hazırda ən zəif mövqedədir və hərbi əməliyyatların təxirə salınması yolverilməzdir. Onun fikrincə, bu mərhələdə Tehranla bağlanacaq istənilən saziş mənasız olacaq, çünki İran tərəfi həmin razılaşmalara əməl etməyəcək.
Maraqlıdır ki, Mark Levin hansı ssenarini proqnozlaşdırır? Tehran bağlanacaq sazişlərə əməl etməyəcək?
Sfera.az-a bu barədə açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, ABŞ-İran danışıqları başlanandan bu müzakirələrin nəticələri ilə bağlı çox müxtəlif iddialar irəli sürülüb və proqnozlar verilib:

“Bu da növbəti ehtimallardan biridir. Nəzərə alaq ki, ABŞ-də İranla bağlı iki mövqe var: əksəriyyət İrana qarşı sərt addım atılması mövqeyindədir və bir qisim də düşünür ki, İranla danışıqlar aparılmalı və ABŞ-nin maraqlarına çox zərər gəlmədən İranla müəyyən anlaşma əldə edilməlidir”.
Politoloq İran rejiminin ölkədə etirazları yatırandan sonra özünü kifayət qədər güclənmiş hesab etdiyini və özünün müttəfiqlərindən aldığı dəstəklə də dirəniş göstərdiyini əlavə edib:
“Xüsusilə də ABŞ-nin irəli sürdüyü tələbləri yerinə yetirməkdən çəkinir. Əsasən nüvə məsələsindən başqa digər məsələləri, yəni proksi qüvvələrin dəstəklənməsi, ballistik raket istehsalı və onların uçuş məsafəsinin məhdudlaşdırılması kimi məsələləri müzakirə etmək istəmir. Bu baxımdan danışıqlarda fundamental razılıqların əldə olunması İran məsələsinin həll olunması demək olmayacaq və nəzərə alsaq ki, İran rejimi özü də əksər vaxtlar imzaladığı və razılaşdığı məsələlərə əməl etmir. O baxımdan, hal-hazırda İran və ABŞ arasında danışıqlar davam etsə də, onu ciddi nəticələrə gətirəcək çox da böyük ehtimal daxilində deyil. Bu baxımdan Mark Levinin iddiaları müəyyən qədər özünü doğruldan iddialardır”.
Fidan Hacızadə
Sfera.az
