Gizli planın yeni detalı: Ukraynanı NATO qoruyacaq

ABŞ Prezidenti Donald Trampın Rusiya ilə apardığı gizli danışıqlardan sonra hazırlanmış Ukrayna planının yeni detallarının müəyyənləşdiyi bildirilib.
Sfera.az “Sözcü”yə istinadən xəbər verir ki, Türkiyə də daxil olmaqla NATO ölkələri atəşkəsdən sonra ölkə yenidən hücuma məruz qalarsa, Ukraynanın müdafiəsinə qoşula biləcək. Təklif NATO-nun Beşinci Maddəsinə bənzər kollektiv müdafiə mexanizmi təqdim edib.
“Axios”un yaydığı xəbərə əsasən, planın layihəsində Rusiyanın hərbi hücumu halında “bütün transatlantik ölkələr hücum altında sayılacaq”. Bu, NATO ölkələrinə iqtisadi, siyasi və birbaşa hərbi cavab vermək imkanı tanıyır. Təklifin on il müddətində qüvvədə qalacağı və tərəflərin razılığı ilə uzadıla biləcəyi qeyd olunub. Ağ Ev rəsmiləri bildiriblər ki, bu mexanizm Ukrayna Prezidenti Volodimir Zelenskinin uzun müddətdir tələb etdiyi təhlükəsizlik təminatının ən güclü formasıdır. Bununla yanaşı, plan Ukraynadan ciddi güzəştlər tələb edir. Zelenskiyə təqdim olunan sənəddə Ukraynanın Rusiyanın hazırda nəzarətində olan ərazilərindən əlavə torpaqlar verməsi istənilib.
Layihəyə görə, Ukrayna NATO hərbçilərini ölkəyə buraxmayacaq və ordunun maksimal sayı 600 min hərbçi ilə məhdudlaşdırılacaq. Şərq bölgəsində isə Ukrayna və Rusiya nəzarətindəki əraziləri ayıran “Bufer zona”nın yaradılması təklif olunub. Sənəddə həmçinin Rusiyanın beynəlxalq aləmə yenidən inteqrasiyası, ona qarşı sanksiyaların ləğvi və müharibə cinayətlərinə dair amnistiya maddəsi də yer alıb.
Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun təklifi Ukraynanın müdafiə naziri Rustem Umerovla müzakirə etdiyi, daha sonra sənədin Zelenskiyə yazılı şəkildə təqdim olunduğu bildirilib. Analitiklər sənədin ABŞ daxilində siyasi mübahisə yarada biləcəyini istisna etmir. Çünki plan yeni hücum halında ABŞ-nin Ukraynanı faktiki olaraq müdafiə etmə öhdəliyini nəzərdə tutub. Bu isə Trampın “ABŞ heç bir müharibəyə girməyəcək” vədi ilə ziddiyyət təşkil edir.
Ukraynada isə sənədlə bağlı ilkin reaksiyalar mənfi olub. İctimaiyyət və bir çox siyasətçilər torpaq itkisi şərtlərini “qəbulolunmaz” adlandırıblar. Mütəxəssislərə görə, plan münaqişəni dayandırmağı hədəfləsə də, Ukraynanın müharibədən sonrakı təhlükəsizlik arxitekturasını köklü şəkildə dəyişən yeni bir siyasi düzəni ehtiva edir.
Bəsti Rəfizadə
Sfera.az






