Trampın Azərbaycan və Mərkəzi Asiya marağının səbəbi nədir? - ŞƏRH

ABŞ hazırkı geosiyasi vəziyyətdə Mərkəzi Asiyanı strateji prioritet kimi qiymətləndirir. Bu barədə Atlantik Konsul Beyin Mərkəzinin Avrasiya Şöbəsinin baş direktoru Con E. Herbst noyabrın 18-də Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin I Forumunda çıxışı zamanı bildirib.
Herbst qeyd edib ki, C5+1 formatında Vaşinqtonda keçirilən yüksək səviyyəli sammitdən sonra belə bir tədbirin Bakıda təşkil olunması ABŞ-nin həm Azərbaycanla əməkdaşlığa, həm də bütövlükdə Mərkəzi Asiyaya diqqətinin artdığını göstərir.
ABŞ üçün Mərkəzi Asiyanı önəmli edən nədir?
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Həşim Səhrablı ABŞ-nin Mərkəzi Asiyaya marağının bir neçə strateji faktordan qaynaqlandığını bildirib. Onun sözlərinə görə, hazırkı beynəlxalq mühitdə güc mərkəzləri arasında rəqabət kəskinləşdiyi üçün Vaşinqton yeni təsir dairələri axtarmağa məcburdur:

“Xüsusilə Rusiyanın müxtəlif regionlarda hərbi əməliyyatlarının kəskinləşməsi, Avropanın təhlükəsizlik arxitekturasının zəifləməsi və Çinin iqtisadi-texnoloji yüksəlişi ABŞ-nin qlobal təsir imkanlarını daraldır. Çin artıq ABŞ ilə hər bir sahədə, xüsusilə texnologiya və iqtisadiyyatda sərt rəqabətə girib. Hətta elə proqnozlar var ki, müəyyən vaxtdan sonra Çin ABŞ-ni qlobal iqtisadi liderlikdə geridə qoya bilər. Bu fon ABŞ-ni yeni və strateji bölgələrdə mövqelərini gücləndirməyə vadar edir”.
Ekspertə görə, Mərkəzi Asiya coğrafi baxımdan nə qədər ABŞ-dən uzaqda olsa da, qlobal güc səhnəsində oynadığı rol getdikcə böyüyür.
“Əgər Vaşinqton bu bölgədə öz təsir imkanlarını qoruyub saxlaya və hətta artıra bilsə, həm Rusiya, həm də Çin qarşısında mühüm üstünlüklər qazana bilər. ABŞ istəyir ki, Mərkəzi Asiya ölkələri Pekin və Moskvanın tam təsir dairəsinə düşməsin. Ən azından bu dövlətləri neytral mövqedə saxlayarsa, bu, Vaşinqtonun xarici siyasət hədəflərinə uyğundur. Mərkəzi Asiyanın ABŞ üçün prioritetə çevrilməsinin digər mühüm səbəbi bölgənin zəngin enerji ehtiyatlarıdır. Xüsusilə qaz və neft potensialı, eləcə də bu resursların alternativ yollarla Avropaya çıxarılması ABŞ-nin maraqlarına tam uyğun gəlir”.
H.Səhrablı Orta Dəhlizin bu mənada ABŞ üçün strateji bir layihə olduğunu qeyd edib:
“Hazırda Mərkəzi Asiya enerji resurslarının Azərbaycan üzərindən Avropaya daşınması həm Çinin, həm Rusiyanın təsir imkanlarını məhdudlaşdırır, həm də yeni dünya düzənində tranzit xəritəsinin dəyişməsinə səbəb olur. Bu dəhliz regiondakı güc balansına böyük təsir göstərəcək. Mərkəzi Asiya yalnız enerji ilə deyil, həm də gələcək dövrün ən strateji resursları olan nadir metallarla zəngindir. Litium, kobalt, volfram və digər metallara sahib olan region yaxın illərdə qlobal rəqabət mərkəzlərindən birinə çevrilə bilər. ABŞ bilir ki, süni intellekt, müdafiə sistemləri, yüksək texnologiyalar və mikroçiplər üçün lazım olan nadir metallara sahib olmaq gələcək güc nisbətini müəyyən edəcək. Mərkəzi Asiya bu resursların çoxuna malikdir və Vaşinqton bunun fərqindədir. Mərkəzi Asiyada gələcək rəqabət Yaxın Şərqdəki kimi hərbi münaqişələrlə müşayiət olunmayacaq. Burada mübarizə daha çox iqtisadiyyat, texnologiya, tranzit yolları və kibermühit üzərindən aparılacaq. Bölgə yeni çəkişmə nöqtəsinə çevriləcək, amma bu, dağıdıcı müharibələr səviyyəsinə çatmayacaq. Bu dəfə kim daha ağıllı davranacaq, kim texnoloji üstünlük əldə edəcəksə, o da qalib olacaq”.
Politoloqun sözlərinə görə, ABŞ bölgədə möhkəmlənməklə həm siyasi, həm iqtisadi, həm də texnoloji baxımdan ciddi dividendlər qazanmağı planlaşdırır. Mərkəzi Asiya ilə dərinləşən əməkdaşlıq həm regional təhlükəsizliyə, həm də ABŞ-nin qlobal güc mövqelərinə töhfə verə bilər.
Bəsti Rəfizadə
Sfera.az






