Brüssel Zirvəsi sona çatdı - MÜZAKİRƏLƏR

Brüssel Zirvəsi sona çatdı - MÜZAKİRƏLƏR
Kateqoriya məlum deyil
T

Avropa İttifaqının (Aİ) gələcəyini müəyyən edən Brüssel Zirvəsi başa çatıb. “Genişlənmə Zirvəsi” adlanan görüş Avropada genişlənmə prosesinin geosiyasi reallıqlarla üzləşdiyi bir dövrə təsadüf edib.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, zirvədə əsas müzakirə mövzuları Ukrayna, Moldova, Gürcüstan və Serbiyanın Aİ-yə qoşulma perspektivləri olub. Həmçinin Balkan ölkələrindəki demokratik geriləmələr və kimlik mübahisələri də diqqət mərkəzində dayanıb. Avropa Şurasının Prezidenti Antonio Koşta çıxışında Aİ-nin “daha böyük, daha təhlükəsiz və daha güclü” olması zərurətini vurğulayıb.

 

“Avropa keçmiş rifahının muzeyinə çevrilməməlidir. Genişlənmə ortaq gələcəyə edilən ən yaxşı sərmayədir”,– deyə o bildirib.

 

Zirvədə Ukrayna, Moldova, Gürcüstan və Bosniya-Herseqovinanın namizəd ölkə statusu aldığı, Albaniya və Şimali Makedoniya ilə isə üzvlük danışıqlarına başlandığı təsdiqlənib. Ukrayna Prezidenti Volodimir Zelenski cəbhə xəttindən video bağlantı vasitəsilə çıxış edərək Aİ üzvlüyünü “Rusiyanın yeni imperializminə qarşı təhlükəsizlik zəmanəti” adlandırıb.

 

“Ukrayna həyat, azadlıq və demokratiya dəyərlərinə görə Avropa İttifaqına üzv olmağı seçdi”,– deyə Zelenski bildirib. Lakin Ukraynanın üzvlük prosesinə Macarıstanın vetosu mane olur.

 

Baş nazir Viktor Orban “müharibədə olan ölkənin” Aİ-yə qəbuluna qarşı çıxır. Zelenski isə bu addımı “Putinə dəstək” kimi qiymətləndirir. Məsələ ilə bağlı Avropa ölkələri arasında fikir ayrılıqları yaranıb. Bəzi üzv dövlətlər Macarıstanın vetosunun nəzərə alınmaması variantını belə gündəmə gətirib, lakin bu, Aİ nizamnaməsinə zidd sayılır. Zirvədə Şimali Makedoniyanın üzvlük prosesi də müzakirə olunub. Bolqarıstanın Makedoniyanın milli kimliyi ilə bağlı irəli sürdüyü tələblər gərginliyə səbəb olub.

 

Baş nazir Hristiyan Mickoski bu tələbləri “zorakılıq” kimi dəyərləndirərək digər ölkələrin susqunluğunu tənqid edib. Serbiya isə demokratik geriləmə və korrupsiya ilə mübarizədə zəiflik səbəbindən Brüsselin sərt tənqidlərinə məruz qalıb. Prezident Aleksandar Vuçiç Çinlə azad ticarət sazişi imzaladığı və Rusiyaya qarşı sanksiyaları qəbul etmədiyi üçün Aİ tərəfindən ittiham olunub.

 

“Kimlə danışdığıma görə özümü müdafiə etməyəcəyəm. Serbiya Aİ yolunda ciddi və məsuliyyətlidir,” – deyə Vuçiç cavab verib. Aİ Komissarı Marta Kos isə Serbiyaya açıq mesaj göndərib: “Ukraynada insanları öldürən bir rejimi dəstəkləmək və Aİ-nin Rusiyaya qarşı sanksiyalarını rədd etmək artıq qəbulolunmazdır. Hamımız geosiyasi seçim etməliyik”, – deyə o vurğulayıb.

 

Beləliklə, Brüssel Zirvəsi Avropa İttifaqının genişlənmə planlarını bir daha gündəmə gətirsə də, daxili fikir ayrılıqları və siyasi maneələr bu prosesin hələ uzun çəkəcəyini göstərir.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR