Tramp və Putin üzləşməkdən qorxdular? - ŞƏRH

Noyabrda keçiriləcək “G20” liderlərinin sammiti öncəsi diqqətçəkən qərarlar gündəmə gəlib. Belə ki, Rusiya Prezidenti Vladimir Putin tədbirdə iştirak etməyəcək və ölkə nümayəndə heyətinə Prezident Administrasiyası rəhbərinin müavini Maksim Oreşkin rəhbərlik edəcək.
Eyni zamanda ABŞ Prezidenti Donald Tramp da sammitə qatılmayacaq, onun yerinə vitse-prezident Ceyms Devid Vens göndəriləcək. Bununla belə, bir sıra dövlət başçılarının, o cümlədən Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirak edəcəyi bildirilir.
Tramp və Putinin sammitdən yayınmasının səbəbləri, xüsusilə də onların mümkün “üçtərəfli görüş”dən, Zelenski ilə bir masa arxasında əyləşməkdən çəkinib-çəkinmədikləri müzakirə mövzusu olub.
Mövzunu şərh edən politoloq Cavanşir Abbaslı Sfera.az-a açıqlamasında bildirib ki, hazırda dünyada “kim kimi yordu” savaşı gedir.

Onun sözlərinə görə, liderlərin səviyyəsində bir-birlərinə münasibətdə, eləcə də, görüşlərin keçirilməsində də eyni termini işlətmək olar:
“Putinlə Tramp arasında da belə bir dırnaqarası savaş gedir. İndiyə qədər bir neçə dəfə bu liderlər arasında telefon danışığı olub. Bir dəfə Alyaskada görüş keçirilib. Nəticəsi isə tamamilə fiyaskoya uğrayıb”.
Politoloq hesab edir ki, Vladimir Putin “G20” sammitində iştirak edəcəyi təqdirdə istər-istəməz Trampla ayaqüstü görüşünün olacağını zənn etdiyi üçün, eləcə də, dünya liderlərinin Volodimir Zelenski ilə Putin arasında hər hansı bir təması yarada biləcəklərini düşünərək bu addımı atır:
“Putin bir neçə istiqamətdə addım atıb. Rusiyanı Prezident Administrasiyasının rəhbəri deyil, onun müavini təmsil edəcək. Amma Amerikanı vitse-prezident təmsil edəcək. Burada da, Putin kifayət qədər ciddi mesajlar verir. Bu isə, onu göstərir ki, Rusiya hazırda Ukrayna cəbhəsində irəliləməkdədir. Putin açıq mesaj verir ki, nəinki mən və məndən sonra statusuna görə yüksək postlarda təmsil olunanlar sırasında aşağı sırada olan şəxsi belə bir mötəbər “G20” samitinə göndərirəm”.
Müsahibimiz vurğuladı ki, Putin bununla müharibəni sona qədər aparacağı mesajını verir. Tramp isə bunu anladığı üçün, vitse-prezidenti göndərir:
“Bu cür situasiya dünya üçün xoş nələrsə vəd etmir. Savaş daha da dərinləşəcək. Putin 2022-ci ilin fevralında qarşısına qoyduğu hədəflərə addım-addım çatacağı mesajını verməkdədir”.
Niyaz Hacıyev
Sfera.az






