ABŞ və Çin arasında gərginlik artacaq? - AÇIQLAMA

ABŞ hökumətinin Tayvana hərbi dəstək göstərməsi bölgədə gərginliyi artırmaqla yanaşı, Pekinlə Vaşinqton arasındakı münasibətləri yenidən gərginləşdirə bilər. Bu addım Tayvan və ABŞ arasında strateji əməkdaşlığı möhkəmləndirə bilər, lakin Çin tərəfindən sərt reaksiyalara səbəb ola bilər.
Vəziyyətin necə davam edəcəyi regional təhlükəsizlik və beynəlxalq diplomatik proseslərdən asılı olacaq.
Mövzunu şərh edən politoloq İlyas Hüseynov Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ-nin Çin ilə çox gərgin münasibətlər fonunda həm də Tayvana hərbi dəstək göstərməsi Vaşinqton və Pekin arasında münasibətlərin daha da gərginləşməsinə səbəb olacaq.

Onun sözlərinə görə, Tayvanın müstəqilliyi və Çinə qarşı müqavimətinin artırılması yönündə fəaliyyət həm də, qlobal mənada çox geniş nəticələrə gətirib çıxara bilər:
“Ən azından Asiyanın şərq hissəsində çox böyük ziddiyyətlərin, koalisiyaların və konfrantasiyaların yaranması üçün əsaslar formalaşdırır. Məlumdur ki, Çin həm də öz ərazi bütövlüyü, bölünməzliyi və vahid dövlət prinsipini əsas götürür. Bunun əsasında da öz siyasətini formalaşdırır”.
Politoloqun fikrincə, Çinə qarşı iqtisadi müharibənin başlanması, tarif siyasətinin tətbiq olunması fonunda həm də Tayvan probleminə diqqətin artırılması müxtəlif cəbhələrdə ABŞ-nin Çinə qarşı fəaliyyətinin tərkib hissəsidir:
“Şübhəsiz ki, Çin tərəfindən də qarşılıqlı addımlarla qarşılana bilər. Bu da ona əsas verir ki, ABŞ öz rəqiblərini hər cəbhədə, hər istiqamətdə sıxışdırmaq siyasətini əsas prioritet hesab edir”.
Niyaz Hacıyev
Sfera.az






