İsrail Qəzzada Türkiyəyə qarşıdır - Nələr yaşanacaq?

İsrail Baş naziri Binyamin Netanyahu Türkiyənin beynəlxalq missiyada yer almasına qarşı idi. Lakin Tramp bildirdi ki, Beynəlxalq sabitləşdirici qüvvələr tezliklə Qəzza zolağında yerləşəcək, Türkiyə də bu prosesə daxildir.
Maraqlıdır, Netanyahu Türkiyənin Qəzzada mövcudluğundan nə üçün narahatdır? Türkiyənin missiyada yer alması həqiqətən də sabitliyi təmin edəcəkmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Həşim Səhrablı bildirib ki, Netanyahu Türkiyə ilə İsrailin Yaxın Şərq siyasəti dövlət maraqlarının ziddiyyətli olduğuna üçün Türkiyənin beynəlxalq missiyada yer almasına qarşı idi. Onun sözlərinə görə, burada sadəcə regional maraqlardan söhbət getmir:

“Həmçinin, etnik, milli və dini fərqlər özünü büruzə verir. Bir tərəfin atacağı addım digərinin maraqlarına dolayısı yolla da olsa, zidd olur. Bu səbəbdən Netanyahu Türkiyə tərəfinin Qəzzadakı beynəlxalq sabitləşdirici missiyada yer almasını istəmirdi. O çalışırdı ki, bunu Türkiyə olmadan, xüsusilə İsrailə yaxın və ya İsraillə maraqları tərs olmayan dövlətlərlə tamamlasın. Bu isə mümkünsüz oldu çünki ortada ciddi bir problem var. Bu problem sadəcə siyasi deyil, bir çox nöqtələrdə dini problem kimi də önümüzə çıxır. Bir tərəfdə yəhudi topluluğu və ələ keçirmək istədiyi müqəddəs adlandırdığı ərazilər var. Digər tərəfdə isə müsəlman topluluğu var ki, özlərinə yurd bildikləri ərazilərin İsrail tərəfindən ələ keçirilməsi planlanır”.
Politoloq qeyd edib ki, belə olanda da bu cür ciddi münaqişəni həll etmək alınmasa da, müharibəni sakitləşdirmək üçün hər iki tərəfin ən real politik qüvvələrinin burada yer alması şərt idi:
“Tramp da bunu nəzərə alırdı və başa düşürdü ki, Türkiyəni Yaxın Şərq siyasətində hər hansısa məsələdə, xüsusilə Qəzza məsələsində kənarda saxlamaq probllemin həllini gecikdirməkdən başqa nəticə verməyəcək”.
H.Səhrablının fikrincə, indiki məqamda hər hansısa sabitlikdən danışmaq mümkün deyil:
“Bunu tək Türkiyə ilə bağlamaq lazım deyil. Amerikanın özünün olması, sabah Rusiya, İran, Çin, Qərb dövlətləri və ya kim qoşulursa, qoşulsun an etibarilə həll etmək qeyri-mümkündür. Müəyyən atəşkəslər əldə edilə bilər, müvəqqəti problem dondurula bilər. Məsələnin tam həlli isə qeyri-mümkündür. Bunu həyata keçirmək üçün hələ uzun zaman lazım olacaq. Bunun üçün döyüşən tərəflər tükənməlidir. Bu da qısa zamanda baş verəcək hal deyil”.
Firuzə Əliyeva
Sfera.az






