"Paşinyan hakimiyyəti sülh gündəliyində israrlıdır" - Fərhad Məmmədov

Azərbaycan və Ermənistan arasında uzun illərdən sonra yeni tarixi hadisə baş verib. İlk dəfə olaraq Azərbaycan Hava Yollarına məxsus təyyarə İrəvan hava limanında eniş edib. Bu səfər çərçivəsində hər iki ölkənin vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib.
Sfera.az xəbər verir ki, görüşdə Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov da iştirak edib və səfərin məqsədi, müzakirə olunan mövzular, eləcə də regionda sülh gündəliyinin perspektivləri barədə geniş danışıb.
Fərhad Məmmədov bildirib ki, bu səfərin təşkilinə həm Azərbaycan, həm də Ermənistan tərəfi ciddi şəkildə yanaşıb və proses dövlət strukturlarının, QHT-lərin koordinasiyası ilə həyata keçirilib:

“Bu görüş vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən təşkil edilmişdi və vətəndaş cəmiyyəti deyəndə əsasən QHT-lər, ekspert ictimaiyyəti və media nümayəndələri nəzərdə tuturuq. Demək olmaz ki, məhz bu 3 sahəni təmsil edən nümayəndələr orda iştirak etmişdilər. Eyni zamanda bilirik ki, Azərbaycan və Ermənistan arasında Vaşinqton görüşündən sonra keyfiyyətcə yeni sülh gündəliyi formalaşdı və bu sülh gündəliyində əsas aktor hökümətdir. Təxminən bir ay əvvəl azərbaycanlı ekspert Murad Muradov NATO Parlament Assambleyasının tədbirində İrəvanda iştirak etmişdi. Bu görüşdə isə məhz Azərbaycan və Ermənistan nümayəndələrinin təşkil etdiyi otaqda onlardan başqa heç kimin olmadığı dəyirmi masa müzakirəsi idi. Lakin bu dəfə baş tutan görüş fərqlidir. Burada yalnız Azərbaycan və Ermənistan QHT-ləri, vətəndaş cəmiyyəti nümayəndələri iştirak edirdi. Hər iki tərəf üçün bu, 30 ildən sonra ilk birbaşa təmas idi. Ən önəmlisi isə odur ki, Azərbaycan Hava Yollarına məxsus təyyarə İrəvana eniş etdi. Bu təkcə simvolik deyil, həm də tarixi addımdır”.
Politoloq deyib ki, görüşün əsas məqsədi iki ölkənin vətəndaş cəmiyyətləri arasında birbaşa dialoqun bərpası və davamlı platformanın formalaşdırılması olub. F.Məmmədov Paşinyanın ölkəsi daxilində yeni cəbhə açdığına diqqət çəkib:
“QHT-lərlə görüş o demək deyil ki, onlar hər şeylə razıdılar və ya Ermənistan cəmiyyəti tam şəkildə sülhə hazırdır. Bunu yalnız qarşıdan gələn seçkilər zamanı görmək mümkün olacaq. Digər tərəfdən, əgər belə tarixi bir şans yaranıbsa və bir çox prinsipial məsələlərdə ümumi razılıq əldə olunubsa, bundan istifadə etmək vacibdir. Məsələn, Paşinyan açıq şəkildə bəyan edib ki, Ermənistanın Azərbaycana qarşı hər hansı ərazi iddiası yoxdur və Qarabağ Azərbaycandır. Bu, artıq rəsmi bəyanat səviyyəsində təsdiqlənib. Bu mövqeni qəbul edən Ermənistan vətəndaş cəmiyyətində kifayət qədər nüfuzlu şəxslər var. Mənim müşahidəmə əsasən, Ermənistanda hələ də sülhə qarşı çıxan qüvvələr mövcuddur. Cəmiyyət diasporla sıx bağlıdır, vətəndaş olmasalar da, xaricdəki erməni diasporu Ermənistanda gedən proseslərə ciddi təsir göstərir. Hazırda Ermənistanın siyasi vəziyyəti kifayət qədər mürəkkəbdir. Rusiyayönümlü qüvvələr, ənənəvi müxalifət və kilsə fəallaşıb. Paşinyan isə demək olar ki, hər gün cəmiyyətdə yeni bir cəbhə açır. Buna baxmayaraq, onun komandasının nümayəndələri prinsipial mövqe sərgiləyir və sülh gündəliyinin əsas məqamlarına razılıq verərək prosesi irəli aparmağa çalışırlar”.
Ekspertin fikirlərinə əsasən, müzakirələr, əlbəttə, hamar keçmir:
“O demək deyil ki, biz də hər məsələdə razılaşırıq, Azərbaycan cəmiyyətini narahat edən mövzuları açıq şəkildə dilə gətiririk. Eyni zamanda, sual-cavab sessiyaları zamanı qarşılıqlı stereotiplərin aradan qaldırılması istiqamətində iş aparırıq. Çünki bəzən yanlış təsəvvürlər üçüncü tərəflərin yaratdığı təhrif olunmuş məlumatlardan qaynaqlanır. Ermənistanda Azərbaycanla bağlı, Azərbaycanda isə Ermənistan və onun hakimiyyəti ilə bağlı formalaşmış yanlış fikirləri aradan qaldırmaq lazımdır. İndi artıq hökumətlər bir-biri ilə danışır, və biz görürük ki, bu ünsiyyət fəal və davamlı şəkildə həyata keçirilir”.
Fərhad Məmmədovun sözlərinə görə, dəyirmi masa zamanı Qarabağ məsələsi ümumiyyətlə gündəmə gətirilməyib:
“Qarabağ mövzusu müzakirə edilmədi, çünki bu artıq həll olunmuş məsələdir. Azərbaycan Prezidenti və diplomatiyası bu istiqamətdə çox böyük iş gördü. İndi yeni mərhələdir: qarşılıqlı etimadın bərpası və regionun sabitliyinin təminatı mərhələsi. Görüşdə Zəngəzur dəhlizi ilə bağlı müzakirələr edildi. Zəngəzur dəhlizi ifadəsi Ermənistanda birmənalı qarşılanmır. Amma bu, Azərbaycanın yaratdığı problem deyil. Ermənistan hakimiyyəti vaxtilə bu mövzunu daxili siyasi mübarizə predmetinə çevirmişdi. İndi isə reallıq dəyişib. TRİPP layihəsi ilə bağlı qərar veriləndən sonra erməni cəmiyyəti də anlayacaq ki, bu termin qorxulu deyil. Əksinə, bu, regionun iqtisadi inteqrasiyası üçün açar layihədir”.
Ekspertin sözlərinə görə, sülh prosesinin qarşısında duran əsas çətinliklər indi daha çox daxili amillərlə bağlıdır. O, Paşinyanın hakimiyyətdə qalacağı qarşıdakı aylar ərzində yenilik ola biləcəyini də ifadə edib:
“Əgər əvvəlki illərdə maneələr daha çox xaricdən gəlirdisə, indi daxildəki siyasi qüvvələr, revanşist qruplar prosesin qarşısını almağa çalışır. Ermənistan cəmiyyətində rusiyapərəst qüvvələr, ənənəvi müxalifət və kilsə bu məsələdə aktivləşib. Amma buna baxmayaraq, Paşinyan hakimiyyəti sülh gündəliyində israrlıdır. Biz qucaqlaşmağa getmirik, amma müzakirə etməliyik. Biz Xocalı kimi faciələri unutmamalıyıq. Amma bu, gələcəyə baxmağa mane olmamalıdır. Biz bir-birimizi daha yaxşı tanımaq, yanlış təsəvvürləri aradan qaldırmaq üçün dialoqa başlamışıq. Bu, barışığın süni deyil, təbii şəkildə formalaşması üçün vacibdir. Hazırda həm Bakıda, həm də İrəvanda hökumətlər eyni istiqamətdə düşünürlər. Əgər Paşinyan hakimiyyətdə qalacağı altı ay ərzində proses davamlı saxlanılsa, biz sülh toxumlarını səpməyə nail ola bilərik. Bu, regionun gələcəyi üçün bəlkə də yüz ilin şansıdır”.
Bəsti Rəfizadə
Sfera.az






