Ermənistana qoyduğumuz qadağa aradan qalxdı - "Əlaqələr artır..."

Ermənistana qoyduğumuz qadağa aradan qalxdı - "Əlaqələr artır..."
Kateqoriya məlum deyil
T

Azərbaycan işğaldan bəri ilk dəfə olaraq Ermənistan istiqamətində yük tranzitinə qoyduğu bütün məhdudiyyətləri aradan qaldırıb. Bu addım regionda sülh və əməkdaşlıq üçün mühüm jest kimi qiymətləndirilir və Cənubi Qafqazda yeni bir iqtisadi və siyasi dövrün başlanması üçün zəmin yaradır.


Politoloq İlyas Hüseynov Sfera.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Qazaxıstanda verdiyi bəyanat yalnız siyasi iradəni göstərmir, eyni zamanda regionda nəqliyyat və logistika infrastrukturunun açılmasına imkan yaradır:

 


“Azərbaycanın bu addımı, xüsusilə Qazaxıstan taxılının Azərbaycan və Gürcüstan üzərindən Ermənistana daşınmasında önəmli rol oynadı. Uzun illər Ermənistanın işğal siyasəti nəticəsində bağlı qalan nəqliyyat bağlantıları və kommunikasiya kanalları yenidən açılır. Bu, regionda sülh və əməkdaşlıq üçün əhəmiyyətli jestdir. Baş nazir Nikol Paşinyan da Prezident İlham Əliyevə və Qazaxıstan Prezidenti Tokayevə təşəkkürünü bildirib”.


Politoloq qeyd edib ki, Azərbaycan üzərindən tranzit yük daşımaları yalnız Ermənistana yük çatdırmaqla məhdudlaşmır. Eyni zamanda, bu yüklər Rusiya və İran istiqamətinə də daşına bilər ki, bu da regionda qarşılıqlı iqtisadi faydanı artırır və Azərbaycan üçün tranzit gəlirləri formalaşdırır.


“Bu addım regionda yalnız iqtisadi deyil, həm də siyasi və strateji əhəmiyyət daşıyır. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları birdəfəlik sona çatarsa və ölkədə Konstitusiya dəyişiklikləri ilə bu məsələlər həllini tapsa, referendum nəticəsində erməni xalqı da sülhə dəstək versə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanması mümkündür. Bu, Cənubi Qafqazda uzun illər davam edən düşmənçilik dövrünə son qoyacaq”.


O, həmçinin vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Qafqazda sülhün arxitektoru rolunu qoruyur və bu cür təşəbbüslər etimad quruculuğuna, sülhün dayanıqlığına xidmət edir. 


“Regionda yük tranziti sahəsinin açılması iqtisadi əməkdaşlığı gücləndirir, qarşılıqlı əlaqələri artırır və nəticədə sülh prosesini yaxınlaşdırır. Azərbaycanın jestləri Ermənistan və digər regional aktorlar arasında etimadın bərpasına, iqtisadi əlaqələrin genişlənməsinə və nəqliyyat infrastrukturunun bərpasına təkan verir. Bu, yalnız iki ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün strateji əhəmiyyət daşıyan addımdır”.

 

Bəsti Rəfizadə
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR