Virtual mühitdə dünyaya inteqrasiya necə baş verir? - AÇIQLAMA

Virtual mühitdə dünyaya inteqrasiya necə baş verir? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Qloballaşma və rəqəmsal transformasiya dövründə milli kimlik anlayışı yeni sınaqlarla üz-üzə qalıb. İnternetin, sosial medianın və süni intellekt texnologiyalarının həyatın bütün sahələrinə nüfuz etməsi nəticəsində dünya sanki vahid informasiya məkanına çevrilib. Bu proses, bir tərəfdən, insanların daha çox məlumat əldə etməsinə, bilik mübadiləsinə və mədəni ünsiyyətə şərait yaradır, digər tərəfdən isə yerli dəyərlərin, dilin və milli kimliyin qorunmasını çətinləşdirir.

 

Artıq gənclər coğrafi sərhədlərlə deyil, virtual aləmin təsiri ilə formalaşan mədəniyyətin bir hissəsinə çevriliblər. Sosial media platformalarında eyni trendləri izləyən, oxşar musiqiləri dinləyən və eyni vizual mədəniyyətlə yaşayan gənclər arasında milli fərqlər getdikcə silinməyə başlayır.

 

Bu isə sual doğurur: rəqəmsal dövrdə milli mənsubiyyət necə qorunmalıdır? Virtual mühitdə kimliyini itirmədən dünyaya inteqrasiya mümkündürmü?

 

Məhz bu məsələlər fonunda rəqəmsal dövrün milli kimlik üzərində yaratdığı təsirlər və bu təsirlərə qarşı milli müdafiə mexanizmləri aktual müzakirə mövzusuna çevrilib. Bəs rəqəmsal dövr milli mənsubiyyət anlayışını dəyişirmi? Rəqəmsal mühitdə milli kimliyi qorumaq üçün hansı vasitələr və strategiyalar effektiv ola bilər?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Zahid Oruc bildirib ki, hazırda dünyanın qloballaşması daha çox sosial media platformalarında özünü göstərir.

 

 

Onun sözlərinə görə, ticarət, logistika sistemləri və digər əlaqələr sayəsində qloballaşma daha geniş coğrafi əraziləri əhatə edir. Lakin bu prosesin ən çox hiss olunduğu sahə məhz sosial şəbəkələr və “YouTube” kimi platformalardır:

 

“İnformasiya artıq dünyanın malına çevrilib. Məsələn, 1865-ci ildə Avram Linkolna sui-qəsd xəbəri ABŞ ərazisində 12 günə yayılmışdı. Bu gün isə “X” platformasında yazılan bir tvit bir neçə saniyəyə bütün dünyaya çatır. Populyar mədəniyyətlərin ixrac siyasəti də bu yolla güclü dövlətlər üçün böyük imkanlar yaradır.”

 

Deputat bildirib ki, Türk Dövlətləri Təşkilatının liderlərindən birinin illər öncə dediyi “Biz coğrafi vətənimizi kiber vətənimizlə birlikdə qorumalıyıq” fikri bu gün daha da aktuallaşıb. Onun sözlərinə görə, informasiya məkanı artıq coğrafiyanın ayrılmaz hissəsidir və burada ən çox təsirə məruz qalan təbəqə gənclərdir:

 

“Milli kimlik artıq rəqəmsal kimliklə sinxronlaşıb. Rəqəmsal sistemlər milli kimliyin atributuna çevrilib. Qloballaşma yalnız dağıdıcı deyil, eyni zamanda üstünlüklər də gətirir. Biz məlumatları, konfransları dünyanın istənilən nöqtəsindən idarə edə bilirik.”

 

Zahid Oruc vurğulayıb ki, buxar maşınından tutmuş internetə qədər hər bir texnoloji yenilik əvvəlcə təhlükə kimi qəbul edilib, lakin zamanla inkişaf üçün vasitəyə çevrilib.

 

“Biz indi Zəfər dövrünü yaşayırıq və bu, yeni milli kimliyin – qalib kimliyin formalaşmasına səbəb olur. Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişən gənclər torpaqları işğaldan azad etdilər. Bu, milli kimliyimizə dərin təsir göstərdi. Qələbə ideyasını film, teatr, ədəbiyyat, musiqi kimi sahələrdə əbədiləşdirmək vacibdir.”

 

Deputat qeyd edib ki, Zəfər mövzusu təkcə Azərbaycanın deyil, həm də bütün türk dünyasının qələbəsi kimi qəbul edilməlidir:

 

“Bu ideyanı festivallarda, sərgilərdə, sənət əsərlərində yaşatmaq, dünyada geniş təbliğ etmək dövlət kimliyimizi gücləndirəcək. Sovetlər dönəmində milli ideyalar arxa plana keçmişdi, indi isə əks proses getməlidir, milli kimlik mərkəzə çəkilməlidir.


Zahid Oruc hesab edir ki, Donald Trampın hakimiyyətə gəlməsi ilə qloballaşma prosesi müəyyən qədər zəifləyib, çünki texnologiya, kino və ticarət sahələrində qlobal dəyərlər sistemi zərbə alıb. Lakin bu, milli dövlətlər üçün yeni imkanlar da yaradıb:

 

“Əgər qloballaşma bir silahdırsa, ondan qorunmaqla yanaşı, eyni zamanda onun vasitəsilə dünyaya öz mövqeyimizi təqdim etmək mümkündür. Necə ki, ‘Bayraktar’ və ‘Loitering munition’ sistemləri 21-ci əsrin savaş silahına çevrildisə, mədəniyyət sahəsində də ‘bayraqdarlarımızı’ – sənətkarlarımızı, yazıçılarımızı, bəstəkarlarımızı qorumaq lazımdır.”

 

Deputat sonda vurğulayıb ki, qalib xalqın kimliyini gələcək nəsillərə ötürmək üçün mədəniyyət, təhsil və ictimai həyatda bu ideyanı yaşatmaq zəruridir:

 

“Biz qələbəni təkcə hərbi deyil, mədəni, mənəvi və ideoloji sahələrə daşımalıyıq. Belə olan halda populyar mədəniyyətlərin təsirinə düşməyəcək, öz milli kimliyimizi hər zaman qoruyacağıq.”


Mövzu: Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Firuzə Əliyeva
Sfera.az


 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR