Rusiya ilə gərginlik səngimir: "Azərbaycan öz prinsipial mövqeyində qalır"

Rusiya ilə gərginlik səngimir: "Azərbaycan öz prinsipial mövqeyində qalır"
Kateqoriya məlum deyil
T

Rusiya Azərbaycana münasibətdə sülh istədiyini, əməkdaşlıq istədiyini bildirir. Amma əməldə Azərbaycan vətəndaşları ukraynaya casusluqda ittiham olunur, həbs olunur.

 

Bununla Rusiya nə etmək istəyir? Azərbaycana qarşı hibrid savaş aparır?


Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirdi ki, Moskvanın sülh və əməkdaşlıq mesajları fonunda azərbaycanlıların casusluq ittihamı ilə həbs olunması, onlara qarşı məhdudiyyətlərin tətbiq edilməsi ikitərəfli münasibətlərdə gərginlik yaradır.

 

Deputat qeyd edib ki, bu vəziyyətin Ukrayna ilə müqayisəsi düzgün deyil:


“Azərbaycanla Rusiya arasında ən azı rəsmi səviyyədə hər hansısa savaş getmir. Ayrı-ayrı vətəndaşlara qarşı məhdudiyyətlər tətbiq olunsa da, bu, genişmiqyaslı münaqişə kimi dəyərləndirilə bilməz. Azərbaycan bu məsələdə öz prinsipial mövqeyini ifadə edir”.

 


Fazil Mustafa hesab edir ki, münasibətlərin gərginləşməsi əsasən iki ölkə arasında təyyarə qəzasından sonra yaranan problemlərlə bağlıdır:


“Çox güman ki, müəyyən müzakirələr və məsafə qət olunduqdan sonra məsələyə yenidən baxıla bilər. Qonşu dövlətlər arasında ziddiyyətlərin olması arzuolunan deyil. Bunun səbəbkarı Rusiya olsa da, Azərbaycan qonşularla normal münasibətlərin tərəfdarıdır”. 


Deputat əlavə edib ki, gərginliyin dərinləşməsi heç kimin maraqlarına uyğun deyil: 


“Rusiya beynəlxalq hüquqa uyğun addımlar atmalı, törədilən əmələ görə kompensasiya məsələlərini həll etməli idi. Azərbaycan vətəndaşlarının sıxışdırılması və informasiya şəbəkələri üzərindən aparılan təzyiqlər nəticədə Rusiyanın özünə ziyan vurur və gələcəkdə bunun acı nəticələri görünəcək. Biz də öz vətəndaşlarımızın qorunması istiqamətində əlimizdən gələni etməliyik”.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR