"Zəngəzur dəhlizinin açılması istiqamətində irəliləyiş əldə olunub" - Ziyafət Əsgərov

"İlham Əliyevin Vaşinqtona önəmli səfəri çərçivəsində mühüm sənədlər imzalanıb".
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası çərçivəsində xüsusi iclasında sədr müavini Ziyafət Əsgərov deyib.
Onun sözlərinə görə, 17 maddədən ibarət sənəd uzun illərdir davam edən qarşıdurmaların həllində mühüm addım sayılır.
Millət vəkili qeyd edib ki, bu razılaşma regionda sabitliyin və tərəfdaşlığın təmin olunmasına geniş imkanlar açacaq:
"Sözügedən sənəd Azərbaycanın mühüm diplomatik qələbəsidir. Bu, eyni zamanda ölkəmizin suverenliyinin beynəlxalq səviyyədə tanınmasının növbəti təsdiqidir".
Z.Əsgərov nəzərə çatdırıb ki,1992-ci ildə yaradılan və fəaliyyətində heç bir real nəticə əldə edə bilməyən ATƏT-in Minsk qrupu ləğv olunub:
"Bu da sülh müqaviləsinin imzalanması yolundakı əsas maneələrdən birinin aradan qalxması deməkdir. Digər mühüm məsələ olan Zəngəzur dəhlizinin açılması istiqamətində də irəliləyiş əldə olunub".
Z.Əsgərov sonda bildirib ki, İlham Əliyevin liderliyi ilə ölkəmizin beynəlxalq uğurları artan xətt üzrə davam edəcək.
Firuzə Əliyeva
Sfera.az
Write to Firuza Aliyeva






