Müharibə başlasa, Azərbaycan İsraili, yoxsa İranı dəstəkləyəcək? - AÇIQLAMA

Müharibə başlasa, Azərbaycan İsraili, yoxsa İranı dəstəkləyəcək? - AÇIQLAMA

Yaxın Şərqdə vəziyyət getdikcə gərginləşir. İsrailin Livan ərazisinə hücumları, həmçinin İranla gərginliyin artması müharibənin genişlənmə ehtimalını artırır. İran isə necə deyərlər, göz görə-görə savaşa çəkilir. Digər tərəfdən, rəsmi Tehran özü müharibəyə sürüklənmədən savaşı dayandırmaq üçün bütün mümkün diplomatik imkanlardan istifadə edir. Amma bu cəhdlər fayda verməyə, Tehranla Təl-Əviv arasında genişmiqyaslı müharibə başlana bilər. 

 

Bu ssenari reallaşarsa, rəsmi Bakı hansı tərəfi dəstəkləyəcək?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, belə bir müharibənin başlanması perspektivdə Üçüncü Dünya müharibəsinin elan olunmasına səbəb ola bilər. Onun sözlərinə görə, Yaxın Şərqdə toqquşan maraqlar kifayət qədərdir. 

 

“Ümumiyyətlə, belə bir ssenari rəsmi Bakının maraqlarına uyğun deyil. Ona görə də Azərbaycan hər iki tərəflə danışaraq, diplomatik imkanlardan istifadə edərək savaşın genişlənməsinin qarşısını almalıdır. Məsələ burasındadır ki, Azərbaycanın hər iki dövlətlə normal əlaqələri var. İran Azərbaycanla qonşudur. Buna baxmayaraq, zaman-zaman rəsmi Tehran Bakıya qarşı qərəzli mövqe nümayiş etdirib, Ermənistanı müdafiə edib. Hazırda isə İranın yeni prezidenti olan Məsud Pezeşkian Azərbaycanla münasibətləri inkişaf etdirməyə çalışır. Bu, təsadüfi deyil. Çünki İran başa düşür ki, Azərbaycan hansısa mərhələdən sonra seçim qarşısında qala bilər”.

 

Kənan Novruzov qeyd etdi ki, İsraillə Azərbaycan arasındakı münasibətlər isə daha stabildir:

 

“Təl-Əviv İkinci Qarabağ müharibəsi dövründə Bakını dəstəkləyib, silah satıb. Bunlarla yanaşı, beynəlxalq geosiyasi vəziyyəti də nəzərə almaq lazımdır. Azərbaycanın ən yaxın müttəfiqi olan Türkiyə açıq- aydın İsrailə qarşıdır. Müharibə başlasa, Türkiyə bu və ya digər formada İranı dəstəkləyəcək. Həmçinin Azərbaycanın ikinci strateji müttəfiqi olan Rusiya da İranın yanında olacaq.  Eyni zamanda məlumdur ki, İsrailin arxasında ABŞ dayanır. Vaşinqtonla Bakının münasibətləri isə tədricən pisləşir. Əlbəttə, bu da hansısa dərəcədə Azərbaycanın seçiminə təsir edəcək. Vacib məqamlardan biri də budur ki, rəsmi Bakı Təl-Əvivi açıq-aşkar müdafiə edərsə, bu, Ankara və Moskva ilə münasibətlərdə narazılığa səbəb ola bilər. Azərbaycan, yəqin ki, bunu da nəzərə alacaq. Beləliklə, Azərbaycan müharibənin daha çox genişlənməməsi üçün bütün mümkün vasitələrdən istifadə etməkdədir. Savaş daha geniş əraziyə keçsə, Bakı çətin seçim qarşısında qalacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR