Macarıstanda Azərbaycanın Zəfər Gününə həsr olunmuş musiqili tədbir keçirildi
Budapeştdə Azərbaycan Macarıstandakı səfirliyinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Budapeştdə akkreditə olunmuş xarici ölkələrin səfirləri, Macarıstanın müxtəlif təşkilatlarının təmsilçiləri, Azərbaycan diasporunun üzvləri, eləcə də digər qonaqlar iştirak ediblər.
Sfera.az AZƏRTAC-a istinadla xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycanın Zəfər yolunu əks etdirən videoçarx nümayiş olunub.
Tədbirin açılışında çıxış edən Azərbaycanın Macarıstandakı səfiri Esmira Cəfərova Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin əhəmiyyətindən danışıb. Səfir 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsinin müharibənin gedişində həlledici dönüş nöqtəsi olduğunu və Azərbaycanın tarixi Zəfərinin rəmzinə çevrildiyini vurğulayıb.
Səfir, həmçinin işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Hökuməti tərəfindən həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, müasir infrastrukturun yaradılması, şəhər və kəndlərin yenidən qurulması, eləcə də keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı barədə məlumat verib.
Tədbirin bədii hissəsində tarzən Bəxtiyar Məmmədov və pianoçu İnci Məmmədovanın ifasında musiqi proqramı təqdim olunub. Azərbaycan milli musiqi aləti olan tar ilə pianonun ahəngdarlığı qonaqlar tərəfindən maraqla qarşılanıb.
Tədbir çərçivəsində Azərbaycanın tarixi Zəfərini, eləcə də işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərini əks etdirən fotosərgi nümayiş olunub.
Sonda qonaqlar üçün Azərbaycan milli mətbəxinin nümunələrinin də təqdim edildiyi qəbul təşkil olunub.
Fotolar5





