Təhdid etdiyi iş adamına Kreml arxa çıxır, Kadırovun taleyi necə olacaq?

Ötən günlərdə Çeçenistan rəhbəri Ramzan Kadırov dağıstanlı iş adamı Süleyman Kerimov və Dövlət Dumasının deputatları Bexkan Baraxoyev və Rizvan Qurbanovu ona qarşı sui-qəsd hazırlamaqda ittiham edib. Ardınca o, Kremlə yaxınlığı ilə seçilən iş adamı Süleyman Kərimovu ölümlə təhdid edib. Kadırov bildirib ki, hər üç şəxs əksini sübut etməsələr, onlara qarşı qan davası elan edəcək.
Sözügedən vəziyyət nə ilə nəticələnə bilər?
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, Çeçenistan liderinin hədələdiyi şəxslər arasında Süleyman Kərimov daha çox diqqət çəkir. O xatırladıb ki, Kərimov “Nafta – Moskva” şirkətinin sahibidir:
““Forbes”ə görə, Kərimov “ən zənginlər” siyahısında 217-ci yerdədir. Onun Kremllə, şəxsən Vladimir Putinlə geniş əlaqələri var. Milyader “Qazprom”un əsas tərəfdaşıdır, onun bu şirkətlərdə çoxsaylı aktivləri mövcuddur. Kərimov həmçinin “Kremlin sütunu” adlandıran “RosNeft”in rəhbəri İqor Seçinlə də yaxın dostluq əlaqələrinə malikdir. Rusiyadan başqa, onun xarici əlaqələri də güclüdür. Süleyman Kərimovun Londondakı kral ailəsi içərisində və İsraildə çoxsaylı dostları var. Sözügedən hadisənin səbəbi isə “Wildberries” şirkəti ilə bağlıdır. Belə ki, bu ilin sentyabrın 18 -də bu şirkətin Moskvadakı mərkəzi ofisində atışma baş verib. Nəticədə ölən və yaralananlar olub. Kadırov iddia edir ki, həmin hadisəyə görə onu öldürmək istəyirlər. Hadisənin motivi bir neçə istiqamət üzrə baş verə bilər. Ukrayna savaşı Rusiya daxilində vaxtilə yaradılmış muzdlu silahlı qrupları – “Vaqner” və Kadırovun “Axmat” dəstələrinin gücünü artırdı. Baş vermiş üsyandan sonra “Vaqner” sıradan çıxarıldı, onun rəhbəri Priqojin müəmmalı şəkildə qəzada həlak oldu. Hazırda Rusiyada ən güclü özəl dəstə məhz çeçen silahlılardan təşkil edilmiş “Axmat” hesab edilir. Kadırovun Putinlə münasibəti yaxşı olsa da, Kremldəki əksər məmurlar, xüsusilə də Təhlükəsizlik Şurasının katibi, keçmiş müdafiə naziri Sergey Şoyqu ilə gərgin münasibətləri var”.
Fotoda: Süleyman Kərimov
Ekspertin fikrincə, Kremlin Çeçenistan rəhbərini yola salmağa, yaxud gücünü zəiflədib onu nəzarət altına almağa çalışması mümkündür:
“Kadırovun gücünü zəiflətmək üçün Rusiyadakı biznesini sıradan çıxarmaq qərarı verilib. Bu işdə isə peşəkar biznesmen Süleyman Kərimovdan istifadə edilir. İkinci həmlə isə onun hərbi gücünün zəiflədilməsi ola bilər. “Axmat”a verilən təchizatın zəiflədilməsi və bu dəstəsinin Ukraynada gərgin döyüşlərə cəlb edilməsi ehtimalı yüksəkdir. Kadırov Süleyman Kərimov və onun müttəfiqi olan deputatları açıq təhdid edərək heç kimdən qorxmadığını bildirdi. Baş verənlərə Kremldən reaksiya gəlməyib. Kremlin sözçüsü Dmitri Peskov hadisəni şərh etməkdən imtina edib və təhdid edilən şəxslərə hüquq-mühafizə orqanlarına müraciət etməyi məsləhət görüb. Fikrimcə, Kərimov özü də təkbaşına Kadırovla bacara bilər. Çeçenistan liderinin bu məsələni ölkənin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşdə açması isə onu göstərir ki, Kadırov dövlət gücündən istifadə etmək istəyir. Ancaq onun bu addımına Dağıstan rəhbəri Sergey Məlikov cavab verib. Məlikov Süleyman Kərimovu Dağıstan xalqının “böyük oğlu” adlandırıraq hər zaman onun yanında olduqlarını bildirib. Bu, Məlikovun Kadırova xəbərdarlığıdır. Yəni o, bu mübarizədə Çeçenistanın güc strukturlarından istifadə edərsə, adekvat şəkildə Kərimovun xeyrinə Dağıstanın güc strukturlarına müraciət olunacaq”.
Z.Əmrəliyev bildirdi ki, ümumilikdə, bu, Çeçenistan və Dağıstan rəhbərləri arasında ilk konflikt deyil:
“Ramzan Kadırov Kremlin bu bölgədəki federal subyektlərinə rəhbərlik üçün hərbçilərin göndərməsini qəbul etmir və onlarla daim konfliktə girir. Uzun müddət Kadırovla İnquşetiya rəhbəri Yunusbek Yevkurov arasında da ciddi gərginlik var idi. Daha sonra Putin Kadırova güzəştə getdi və Yevkurov İnquşetiya rəhbəri vəzifəsindən azad edilərək Rusiya müdafiə nazirinin müavini təyin edilməklə Moskvaya gətirildi. Bundan sonra Dağıstana rəhbər göndərilən hərbçi Sergey Məlikov da Yevkurov kimi Kadırovla konflikt yaşadı. Məlikov Kərimov kimi ləzgidir, hətta aralarında qohumluq olduğu barədə məlumatlar dolaşır. Görünür ki, Çeçenistan rəhbəri böyük toqquşma içindədir. Bu dəfə də onun qalib gəlib-gəlməyəcəyi isə Kremldə qəbul edilən qərardan asılı olacaq”.
Günay Rəsulqızı