Paşinyandan Qərbi qəzəbləndirəcək ADDIM: “Putinlə qarşılıqlı razılığa gəldi” - AÇIQLAMA

Paşinyandan Qərbi qəzəbləndirəcək ADDIM: “Putinlə qarşılıqlı razılığa gəldi” - AÇIQLAMA

“Ermənistanın Sünik vilayətindən keçən yola (Zəngəzur dəhlizi-red). nəzarət funksiyası Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə verilə bilər”.

 

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, bu açıqlama Paşinyanın Zəngəzur dəhlizi məsələsində geri addımı kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, Kreml dəhlizə nəzarət məsələsində uzun müddətdir, Nikol Paşinyana təzyiq edirdi və görünür, bu təzyiqin nəticəsi olub:

 

“Putin Paşinyanla Moskvada son görüşündə Rusiya hərbçilərinin Ermənistan-İran sərhədinə nəzarəti erməni hərbçilərə təhvil veriləcəyi ilə razılaşdı. O bunun qarşılığını almadan belə bir addım atmazdı. Görünür, Paşinyan Rusiyanın İran və Türkiyə ilə sərhədi tərk etməsinin qarşılığında Rusiya hərbçilərinin Zəngəzur dəhlizinə nəzarət etməsinə razılaşıb. Bununla Nikol Paşinyan 9 noyabr 2020-ci ilin üçtərəfli bəyanatın 9-cu bəndini yerinə yetirmiş olacaq. Rusiya üçün Zəngəzur dəhlizini nəzarətə götürmək Azərbaycan-Ermənistan sülh sazişini imzalamasından daha əhəmiyyətlidir. Saziş iki ölkə arasındakı münasibətlərin normallaşmasına, eyni zamanda Ermənistanın Türkiyə ilə sərhədinin açılmasına, ticarətə başlamasına, diplomatik əlaqələrin qurulmasına səbəb olacaq. Kremlin bunların heç birində marağı yoxdur, çünki Cənubi Qafqaza təsiri azalacaq. Rusiya bölgəyə təsirini Zəngəzur dəhlizinə nəzarət etməklə qoruya bilər. Ona görə də Kreml daha çox dəhlizə nəzarət mövzusuna maraq göstərir”.

 

Ekspert qeyd edib ki, Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsi nə Ermənistanın, nə də Azərbaycanın maraqlarına cavab verir:

 

“Çünki İrəvan Ermənistan ərazisindəki nəqliyyat yolunun nəzarətini başqa dövlətin ixtiyarına verir. Üstəgəl, bu qərar Paşinyanın Qərbdəki tərəfdaşlarının xoşuna gəlməyəcək. Azərbaycan üçün isə Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsi Çindən çıxan və Avropada bitən Orta dəhliz layihəsinə nəzarət deməkdir. Belə çıxacaq ki, Kreml Rusiyaya alternativ olan nəqliyyat xəttinə nəzarət edəcək. Buna baxmayaraq, önəmli olan Zəngəzur dəhlizinin işə düşməsi və bunun bölgədə sülhə və əməkdaşlığa şərait yaratmasıdır. Buna nail olmaq üçün Bakı və İrəvan Kremlin şərtini qəbul edə bilər. Müvafiq zaman keçdikdən sonra 40 kilometirlik dəhlizdən sərbəst keçidə və daşınmaya şərait yaradılması mövzusuna yenidən qayıtmaq olar. Rusiya İran və Türkiyə sərhəddini tərk etməyə qərar veribsə, bir gün Zəngəzur dəhlizinə nəzarət funksiyasından da imtina edə bilər, sadəcə bunun qarşılığında istəkləri olacaq”.

 

Günay Rəsulqızı

 

 


OXŞAR XƏBƏRLƏR