ABŞ-nin Cənubi Qafqaz siyasətində paradoks

ABŞ-nin Cənubi Qafqaz siyasətində paradoks

Beynəlxalq siyasətdə hər bir addımın, xüsusən də qlobal hegemonluğa iddialı bir ölkə tərəfindən atılan addımın mütləq mənada rasional və məntiqi izahı olmalıdır. Gözləntilərin əksinə olaraq indiki ABŞ rəhbərliyinin Azərbaycanla bağlı siyasi demarşlarında belə bir rasionalizmi və məntiqi görmək mümkün deyil.

 

Bu günlərdə Vaşinqtondan Azərbaycana açıq təzyiq siqnalları gəlməkdədir. Primitiv məzmunlu bu siqnalların birbaşa ölkənin yüksək səviyyəli siyasi şəxslərindən yox, onlara yaxın siyasi fiqurlardan gəlməsi də asan başa düşülən taktikadır. ABŞ siyasətçiləri ölkəmizə qarşı təzyiq siyasətini həm də 5-ci kolonun vasitəsilə aparır. Lakin Amerika siyasətçiləri bir şeyi anlamırlar ki, ABŞ-a və Avropaya sığınaraq onun büdcəsindən maliyyələşən və "insan hüquqları və söz azadlığı” pərdəsi altında gizlənən heç bir agent və ya onların xaricdə təsis etdikləri media qurumları Azərbaycan cəmiyyətini ABŞ-nin haqqın tərəfində olduğuna inandıra bilməz.

 

Buna hər şeydən əvvəl ABŞ-nin bölgəmizdə apardığı siyasət imkan yaratmır. ABŞ-nin həmişə birtərəfli qaydada Ermənistanın xeyrinə addımlar atdığını və Azərbaycanın maraqlarını nəzərə almadığını göstərən çoxsaylı təkzibedilməz faktlar var. Azərbaycan torpaqlarının işğala məruz qaldığı halda, Şuşanın və Laçının işğalı ərəfəsində, Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı ermənilər tərəfindən törədilmiş soyqırımı ərəfəsində Amerika Konqresində Azadlığa dəstək Aktına 907-ci düzəlişin qəbul edilməsini Azərbaycan xalqı hələ də anlamır və bunu siyasi əxlaqsızlıq aktı kimi qəbul edir. BMT üzvü olan müstəqil dövlətin ərazi bütövlüyünü dəstəkləmək əvəzinə Qarabağ separatçılarına ABŞ-dən hər il maliyyə yardımının ayrılması da Azərbaycanın suverenliyinə qarşı təcavüzə dəstək aktı kimi anlaşılır. ABŞ ideoloqlarının və onların Azərbaycanda və ABŞ-nin özündəki 5-ci kolonun isə buna inandırıcı izah və ya hər hansı əks arqument gətirmək imkanı yoxdur. Dünyada demokratiyanı və azadlığı dəstəklədiyini iddia edən ABŞ qonşu ölkənin 20% ərazisini işğal etmiş və etnik təmizləməyə məruz qoymuş, bölgədə Rusiyanın maraqlarını təmsil edən Ter-Petrosyan, Koçaryan və Sarqsyan hökumətlərinə dəstək verməsini hansı şüarlarla ört-basdır edə və ya izah edə bilər?!

 

Həmin illərdə Azərbaycan cəmiyyəti məhz BMT-dən, ABŞ-dən, NATO-dan və ümumiyyətlə, özünü ədalət etalonu adlandıran kollektiv Qərbdən beynəlxalq qanunlara istinad edərək dövlətimizin haqlı mövqeyinə dəstək verilməsini gözləyirdi. Lakin törətdiyi etnik təmizləməyə, ölkəmizin ərazilərinin 20%-nin işğalına, təbii sərvətlərimizin vəhşicəsinə talan edilməsinə, məscidlərimizin, mədəniyyət abidələrimizin dağıdılmasına, şəhərlərimizin, yurd yerlərimizin xarabazarlığa çevrilməsinə görə Ermənistana qarşı heç bir sanksiya tələbi ortaya çıxmadı. Azərbaycan Ermənistanı təkbaşına məğlub etdikdən, özünün suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra isə amerikalı konqresmenlər tərəfindən ölkəmizə qarşı fasiləsiz hücumlar başlandı. Azərbaycan cəmiyyəti aydın başa düşür ki, onların bir çoxu ABŞ-dəki erməni diasporu ilə sıx əlaqədə olan və erməni lobbizmi vasitəsilə ilə külli miqdarda qeyri-qanuni gəlir əldə edən Robrt Menendes, Frank Pallone, Adam Şiff kimi korrupsionerlərdir. Onların arasında hətta Ermənistan maraqlarına xidmətlərinə görə Ermənistanın dövlət mükafatlarına layiq görülənlər də var.

 

Bütün bunlara görə Azərbaycan ictimaiyyəti haqlı olaraq bizdən ABŞ-nin Azərbaycan əleyhinə apardığı siyasətə Milli Məclis və hökumət tərəfindən adekvat cavab verilməsini gözləyir. Milli Məclis üzvlərinin Azərbaycan Respublikasının Xarici İşlər nazirinə rəsmi müraciət etməsinin səbəbi də elə budur. Biz torpaqlarımızın işğaldan azad edilməsi və bununla da beynəlxalq hüququn həyata keçirilməsi və ədalətin təntənəsi üçün canlarını fəda etmiş qəhrəmanlarımızın şücaətini və zəfərini sanksiya təzyiqləri ilə dəyərdən salmaq cəhdlərinə göz yuma bilmərik.

 

Təxminən 30 il ərzində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin (ABŞ, Fransa və Rusiya) bölgədəki status-kvonu saxlamaq cəhdlərinə baxmayaraq, Azərbaycan öz gücünə erməni işğalına son qoyub. Məhz həmsədr ölkələrin yerinə yetirməli olduğu BMT qətnamələrini Azərbaycan dövləti və Ordusu təkbaşına icra edib. Ermənistan isə cəmi son iki il ərzində ABŞ başda olmaqla Rusiyaya qarşı formalaşmış Qərb koalisiyası tərəfindən qoyulmuş sanksiyalardan yan keçməklə Rusiya ilə ticarət dövriyyəsini 15 milyarda yaxınlaşdırıb. Bunu Rusiya prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla sonuncu Moskva görüşündə açıqladığı rəqəmlər də sübut edir. "Ticarət dövriyyəsi ötən il 7,4 milyard dollara çatıb, bu ilin birinci yarısında isə 2,5 dəfə artıb. Əgər biz bu templə hərəkət etsək, bu o deməkdir ki, bu il ticarət dövriyyəsi 14-16 milyard dollara çata bilər ki, bu da rekord göstəricidir”. Ermənistan kimi cırtdan bir dövlətin Rusiya ilə 15 milyard dollarlıq ticarət dövriyyəsinin nədən ibarət olduğunu anlamamaq mümkün deyil. Aydındır ki, praktiki olaraq heç bir istehsalı olmayan kiçik Ermənistanla Rusiya arasında bu həcmdə ticarət dövriyyəsi yalnız erməni tərəfinin Qərbin sanksiyalarından yan keçməsində iştirakı ilə mümkündür. Bütün bunların Vaşinqtondan görünməməsi mümkün deyil. Onların Ermənistanla İran arasındakı sıx əlaqələrdən də kifayət qədər xəbəri var. Əslində, İrəvan və Tehran özləri də isti münasibətlərini heç vaxt gizlətməyiblər. Deməli, Rusiya və İrana qarşı kimi görünən ABŞ əslində Rusiya ilə ticarət dövriyyəsini sürətlə artıran, İranla hərbi-siyasi müttəfiqliyini dərinləşdirən Ermənistanı dəstəkləyir. Paradoks göz qabağındadır.

 

Bütün bunlardan yalnız bir nəticə çıxarmaq mümkündür: ABŞ və Avropa Birliyinin Ermənistanın işğalçı – revanşist maraqlarına uyğun olaraq Azərbaycana təzyiq göstərmək cəhdləri siyasi ikiüzlülükdən başqa bir şey deyil. Belə bir paradoksal vəziyyətdə Azərbaycan hökumətinin addımları daha praqmatik və daha təsirli olmalıdır. Mövcud reallıqları nəzərə alaraq Azərbaycan ABŞ-la siyasi münasibətlərini minimum səviyyəyə endirməlidir. Cənubi Qafqaz bölgəsinin ümumi iqtisadiyyatının 80%-dən çox hissəsinin Azərbaycana məxsus olduğunu nəzərə aldıqda bu ABŞ üçün bütün Cənubi Qafqazın faydalı tərəfdaş qismində itirilməsi anlamına gəlir. Şərq-Qərb və Şimal-Cənub tranzit yollarının Azərbaycanda kəsişməsi bütövlükdə Avrasiyanın vahid siyasi, iqtisadi və mədəni məkanda birləşməsinə xidmət edən bir dəyərdir və bu Azərbaycanın üstünlüyüdür. ABŞ isə erməni lobbisinin dayağında gedərək antiazərbaycan isteriyasını gücləndirməklə bu üstünlükdən qarşılıqlı şəkildə faydalanmaq fürsətini əldən verə bilər. Əgər ABŞ-la Azərbaycan arasında münasibətlərin harmoniyasını və praqmatikliyini dağıdan qüvvələrin son məqsədi budursa, rəsmi Vaşinqtonun “strateji dühasına” ancaq heyrətlənmək olar.

 

Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı,
fəlsəfə doktoru

 


OXŞAR XƏBƏRLƏR