"Ukrayna tutulan torpaqların Rusiyada qalmasına razılıq verəcək və qalan əraziləri..." - AÇIQLAMA
“Ukrayna sonda alyansa üzv olacaq, lakin bunun nə vaxt baş verəcəyini hələlik dəqiq söyləmək çətindir”. Bunu NATO-nun Baş katibi Mark Rutte "The Guardian" qəzetinə müsahibəsində deyib. Rutte Ukraynanın alyansa daxil olmasının vaxtı ilə bağlı sualı cavablandırmayıb: “Aydındır ki, bu, mənim cavab verə biləcəyim sual deyil”. Eyni zamanda o, Rusiyanın bu qərara səs və ya veto hüququna malik olmadığını bildirib.
Bu konteksdə maraqlıdır, yaxın zamanda Ukraynanın NATO-ya üzv olması gözlənilirmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov xatırladıb ki, Şərqi Avropada müharibənin başlanmasının əsas səbəbi rəsmi Kiyevin Alyansa mümkün üzvlüyü olub.
“NATO-nun şərqə doğru genişlənmə niyyətindən narahat olan Rusiya Ukraynaya hərbi müdaxilə etdi. Bundan sonra proseslərin inkişafı göstərdi ki, sadəcə oyun qurulub. Konkret olaraq indiki anda rəsmi Kiyevin Alyansa üzvlüyü daha çətindir, nəinki müharibədən əvvəl. Çünki indi Ukraynada müharibə gedir. NATO-nun qaydalarına görə, ərazisində döyüş gedən ölkənin alyansa üzvlüyü mümkün deyil. Hətta bu mümkün olsa da, indi Ukraynanın təşkilata qoşulması NATO- Rusiya savaşının başlanması deməkdir. Alyans ölkələri üçün bu, arzuolunan deyil”.
Şərhçi qeyd etdi ki, Ruttenin dediyi kimi, Ukrayna nə vaxtsa NATO-ya üzv ola bilər, amma bununla bağlı indidən tarix proqnozlaşdırmaq mümkün deyil:
“Çünki bu, birbaşa olaraq müharibənin nə vaxt bitəcəyindən asılıdır. Savaşın nə vaxt başa çatacağı isə qeyri- müəyyəndir. Perspektivdə Ukraynanın NATO və Rusiya arasında bölünməsi istisna deyil. Ola bilsin ki, vaxtı çatanda bunu Qərb ölkələri müəyyənləşdirəcək - Ukrayna tutulan torpaqların Rusiyada qalmasına razılıq verəcək və qalan əraziləri ilə Alyansa üzv olacaq”.
Günay Rəsulqızı