Şimali Koreya Ukraynaya hərbçilər göndərib? - Peskov AÇIQLADI
Ötən gün Cənubi Koreyanın müdafiə naziri Kim Yonq Hyunun iddiaları dünya mediasında gündəm olub. O parlamentin iclasında çıxışı zamanı qeyd edib ki, Şimali Koreya Rusiyaya dəstək üçün Ukraynaya müntəzəm hərbi personal göndərə bilər. Yonq Hyun bildirib ki, KXDR-dən olan hərbçilərin Ukrayna ərazisində artıq ölmələri də mümkündür.
Sfera.az bildirir ki, Kreml sözügedən iddialara reaksiya verib.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırıb.
“Koreya Xalq Ordusunun əsgərlərinin Ukrayna savaşında iştirakı ilə bağlı mətbuat bəyanatları başqa bir informasiya saxtakarlığına bənzəyir”, - Peskov bildirib.
Xatırladaq ki, iyunun 19-da Rusiya Federasiyası və Şimali Koreya hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalayıb. Bu da müdafiə zamanı hərbi yardımın göstərilməsini nəzərdə tutur. İyunun 20-də bununla bağlı sualları cavablandıran Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, Moskvanın müharibədə heç kimin köməyinə ehtiyacı yoxdur.
Günay