"Tiktoker Əli Kərimli toyuq oğrularını siyasi məhbus kimi sırımaq istəyir" - Siyavuş Novruzov

“İnsan hüquqlarına diqqət və qayğı bir vaxtlar Ümumilli Lider Heydər Əliyevin olduğu kimi,  uzun illərdir, Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun diqqət mərkəzindədir”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruzov deyib.

 

“Əgər biz tarixə nəzər salsaq, görərik ki, postsovet məkanında ölüm hökmü ilk dəfə Heydər Əliyevin sayəsində qadağan olunub. Onun dövründə 70-ə yaxın əfv, 13 amnistiya aktı həyata keçirilib. Nə qədər uşaq üçün ürək əməliyyatları keçirilib, həqiqətlərin dünyaya düzgün çatdırılması təmin edilib, düşünürəm ki, bundan sonra da bu belə davam edəcək”, - millət vəkili qeyd edib.

 

S.Novruzov bildirib ki, son illər Azərbaycan haqqında qərəzli qərarlar qəbul olunur, hətta sanksiyalar tətbiq olunması təklif olunur:

 

“Sanksiya tələb olunması tələb edilən şəxslər Azərbaycan xalqına xidmət edənlər, ermənilərə qarşı mübarizə aparanlar, Azərbaycanın ən gözəl guşələrindən olan Şuşanın alınmasında canı və qanı bahasına iştirak etmiş insanlardır. Bunları kənara qoyuram. Ata və anasını tanımayan istər BENİLÜKS ölkələrinin, istərsə də Fransanın deputatları, o cümlədən Azərbaycanı xəritədə tapa bilməyən ABŞ Konqresinin üzvləri Azərbaycanda hansısa hakimlərin, kənd rayonunda işləyən müstəntiqin adını əzbər şəkildə müəyyən sanksiyalara təklif edir. Burada oturanların əksəriyyəti heç o adamların ad-soyadın bilmir. Hakimləri təyin etdiyimizə görə səs veririk və bəzilərini tanıyırıq. Bu gün Azərbaycandan donos verən, məlumat ötürən o şəxslər - antimilli şura üzvləri, Tiktoker Əli Kərimli, onun dəstəsi və digərləri üzvləri olan valyuta dəllallarını, ev alverçilərini, toyuq oğrularını siyasi məhbus kimi yazıb cəmiyyətə sırımaq istəyirlər. Yaxud xaricdən maliyyə alıb Azərbaycan əleyhinə iş aparan jurnalistlər Azərbaycan dövlətinə, Ordusuna qarayaxma ilə məşğuldur. Düzdür, Milli Məclis də bu barədə bəyənatlar verir. Hesab edirəm ki, bundan sonra da bunu davam etdirib, onları ifşa etməliyik”,-millət vəkili qeyd edib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR