Kilsə və keçmiş Qarabağ klanı Paşinyana qarşı: Azərbaycanın 4 kəndi ilə bağlı nə planlayırlar? 

Kilsə və keçmiş Qarabağ klanı Paşinyana qarşı: Azərbaycanın 4 kəndi ilə bağlı nə planlayırlar? 

"Ermənistanda kilsə və revanşistlər təlimatı xaricdən alır".

 

Bunu Sfera.az-a açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

 

O bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan danışıqlar yolu ilə anklav olmayan dörd kəndi Azərbaycana qaytarmağı planlaşdırsa da, Ermənistandakı müəyyən revanşist qüvvələr bunun olmaması üçün hərəkətə keçib:

 

“Bu qrupların əsas məqsədi N. Paşinyana qarşı əhalinin etirazının formalaşmasına çalışmaq və nəticədə silahlı yolla hakimiyyət çevrilişinə nail olmaqdan ibarətdir. Onlar kilsə ilə birgə hərəkət edir və Tavuş vilayətində xalqı etiraza çağırmaq üçün seçiliblər. 

 

Ötən gün Gürcüstana bir kənd qaytarıldı, amma revanşistlər və kilsə bu məsələyə etiraz etmədi. Azərbaycanla bağlı isə, göstəriş xarici mərkəzdən verilib. Hazırkı etirazın arxasında Kilsə, keçmiş Qarabağ klanı və Rusiyadakı bəzi mərkəzlər dayanır”.

 

Politoloqun fikrincə, həmin qüvvələrin bu münasibətinin arxasında bəzi məqsədlər var:

 

“Bu istəklərdən biri Azərbaycanla sülh müqaviləsinin bağlanmasının qarşısını almaqdır. Digəri Azərbaycanı silahlı hücuma təşviq edərək, N. Paşinyanın etimadını daxildə zəiflətməklə bağlıdır. Sonuncusu isə yaranmış vəziyyətdən istifadə edərək silahlı çevrilişə əl atmaqdır. Burada orduda olan qruplardan da istifadə edilməsi istisna deyil”. 

 

“Paşinyanın əsas işi bu qrupları zərərsizləşdirmək və öz hakimiyyətini möhkəmləndirməkdir. Təbii ki, Ermənistan hakimiyyəti hazırkı prosesləri idarə edərək, dörd kəndin qaytarılmasına getməyə çalışacaq”, - M.Əsədullazadə vurğulayıb.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR