Logo

İran rəsmisinin Azərbaycana səfər planı: Rəsmi Tehran mövqeyindən dönməyib, bəs nədən ehtiyat edir? - ŞƏRH

İran rəsmisinin Azərbaycana səfər planı: Rəsmi Tehran mövqeyindən dönməyib, bəs nədən ehtiyat edir? - ŞƏRH
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf yaxın vaxtlarda Azərbaycana səfər etmək niyyətindədir.

Səfərin dəqiq tarixi hələlik məlum olmasa da, İran parlamentinin sədrinin ölkəmizə səfər edəcəyi bəlli idi. Mümkündür ki, Qalibaf Türkiyənin Antalya şəhərində keçirilən Asiya Parlament Assambleyasının (APA) 13-cü Plenar Sessiyası çərçivəsində həmkarı Sahibə Qafarova ilə görüşündən sonra belə bir qərara gəlib. Təsadüfi deyil ki, Qalibaf azərbaycanlı həmkarı Sahibə Qafarova ilə görüşündən danışarkən deyib ki, “son zamanlar Azərbaycanla bağlı bir sıra anlaşılmazlıqlar yaranıb,amma bu anlaşılmazlıqlar aradan qaldırılıb və gələcəkdə Bakıya səfər etməyi planlaşdırıram”.

İranın narahatlığı

Türkiyənin Antalya şəhərində keçirilən Asiya Parlament Assambleyasının (APA) 13-cü Plenar Sessiyası bir çox baxımdan diqqət çəkdi. Xüsusilə də sessiya çərçivəsində İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın azərbaycanlı həmkarı Sahibə Qafarova ilə görüşdə dedikləri və Qafarovanın verdiyi cavab önəmlildir:

“Bu gün iki ölkə münasibətləri inkişaf etdirməyə və dərinləşdirməyə çalışır və əminəm ki, iki ölkənin rəsmiləri münasibətləri inkişaf etdirmək üçün çox istəklidirlər. Bizim regional və qlobal arenada bir-birimizlə yaxşı münasibətlərimiz ola bilər və region ölkələri nə qədər yaxın olarsa, region üçün bir o qədər yaxşıdır və qeyri-regional ölkələr bu sahəyə müdaxilə etməməlidir”, – Qalibaf vurğulayıb.

Qalibafın bu sözləri prinsip etibarilə İranın Azərbaycanla bağlı narahat olduğunu göstərir. Mövcud İran-Azərbaycan gərginliyi davam edir və bu gərginlikdən ən yaxşı İsrail istifadə edir. Rəsmi Tehranın əksinə Təl-Əvivin təmasları artırması, Bakıya həmrəylik nümayiş etdirməsi Azərbaycanın İsraildə səfirlik açma qərarı ilə nəticələndi. Bundan başqa Azərbaycanın Zəngəzur dəhlizinin açılması tələbindən geri addım atmaması, İrandakı etiraz aksiyalarına prezident səviyyəsində reaksiya verməsi və s. məsələlər İranın narahatlığını daha da artırır.

Məsələ ondadır ki, İran hər nə qədər Ermənistanla Azərbaycan əleyhinə əməkdaşlıq edib Bakını hər vəchlə təhdid etsə də, realda bir o qədər də asılıdır. Xüsusilə, bu asılılıq özünü Rusiya-İran və Türkiyə-İran münasibətlərində daha qabarıq şəkildə göstərir.

Tehranın Bakıya şərti, Qafarovanın sillə kimi cavabı

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın sözləri hər nə qədər rəsmi Tehranın Bakıya qarşı ritorikasını yumşaltdığı təəssüratı bağışlasa da dəyişən heç nə yoxdur. Məsələ ondadır ki, İran bu gün Azərbaycanla münasibətləri həqiqətən də normallaşdırmaq istəyirsə, ilk növbədə “Sərhədlərin dəyişdirilməsi qırmızı xəttimizdir”, “İsrail ilə əməkdaşlıq etməyin”, “Qeyri-regional ölkələrin bölgəyə qarışmasına imkan verməyin” fikirlərini səsləndirməkdən əl çəkməlidir.

Bundan başqa, İran kanallarının Azərbaycan əleyhinə açıqlamaları, SEPAH-a bağlı saytlar isə təxribatçı görüntüləri paylaşmağı dayandırmalıdır.

Qalibaf Qafarova ilə görüşdə bildirib ki, Qafqaz regionunda - sərhəddə heç bir geosiyasi dəyişikliyi qəbul etmirlər və əlavə edib ki, Tehran Azərbaycanla əlaqələrin inkişafı ilə bağlı aydın mövqeyə malikdir, ticarət və tranzit mübadiləsini inkişaf etdirməyə hazırdırlar.

Qalibafın bu sözlərindən belə bir nəticəyə gəlmək olar ki, İran nə sərhədlərin dəyişdirilməsi ilə bağlı, nə də digər tələblərindən əl çəkib, sadəcə mövcud gərginliyin iqtisadi maraqlara zərbə vurmasından ehtiyat edir.

Elə buna görə də, Sahibə Qafarova Qalibafa sillə kimi “biz müsəlmanıq və İran əhalisinin əksəriyyəti Azərbaycan dilində danışır” deyərək layiqli cavab verdi.

Qalibafın səfəri baş tutacaq?

Məhəmməd Bağır Qalibaf Azərbaycana səfər etməkdə qərarlı olsa da, bunun baş tutub-tutmayacağı sual atındadır. Məsələ ondadır ki, ötən ilin noyabr ayında da İran rəsmisi Azərbaycana səfər etməli idi. Lakin İranın Azərbaycana qarşı təxribatları davamlı hal aldığından Qalibafın səfəri təxirə salınmışdı. İran təxribatlara davam etsə, Qalibafın bu səfəri də baş tutmayacaq. Lakin Tehranın narahatlığını nəzərə alaraq demək olar ki, molla rejimi bir müddət ritorikasını səngidəcək və Qalibafın səfəri baş tutacaq”.

Müəllif: Politoloq Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR