"Soçi görüşündən həlledici bir nəticə gözlənilmir, lakin..." - ŞƏRH

“Bu gün Soçidə Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan lideri İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş nəzərdə tutulur. Görüşdən öncə Paşinyan səviyyəsində zilə qalxan səslər İrəvanın Rusiyadan mədət ummaq çağırışlarının davamıdır”. 


Sfera.az xəbər verir ki, bunu siyasi şərhçi Aqşin Kərimov deyib. 


O qeyd edib ki, Nikol Paşinyanın Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin qalma müddətinin uzadılmasına dair verdiyi təklif Soçi danışıqlarından xalla ayrılmağa hesablanmışdı:


“Paşinyanın ya diplomatik naşılıqdan, ya da biclikdən sülhməramlıların Qarabağdakı “istismar müddətinin” 10, 15 ilə qədər uzadılmasını təklif etməsi mövcud reallıqlar və gedişatlar kontekstində həyasız bir yanaşmanın ortaya qoyulmasıdır.  Amma müddətin artırılması üçün şərtləri havadan zühur etmir və onu Paşinyan təyin etmir, bunun belə hüquqi cəhətdən ədəb-ərkan qaydaları var. 10 Noyabr Bəyanatının 4-cü maddəsinə nəzər yetirmək lazımdır ki, Paşinyanın dəridən-qabıqdan çıxmasının məzmunsuz perspektiv olduğunu görək. Bəyanatın 4-cü maddəsinə əsasən, Rusiya sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”. 


Ekspertin sözlərinə görə, sülhməramlı kontingentin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır:


“Yəni, ilk olaraq fokuslanmalıyıq ki, bəyanatın qəbulunun ikinci ili olacaq, hələ sülhməramlıların mandatına dair yenilənməyə ehtiyac duyulacaq müddət yetişməyib. 
İkinci, sülhməramlı kontingentin xidmət vaxtının uzadılıb-uzadılmayacağı 10 noyabr bəyanatının 5 ilinin tamamına 6 ay qalmış şəraitin təhlilindən sonra veriləcək qərarlardan asılıdır. 


Üçüncü, Azərbaycan bəyanatın müddəalarından irəli gələn öhdəlikləri layiqincə yerinə yetirir. 


Ona görə də, 4-cü bənd və onun açılışından yola çıxaraq Ermənistanın üzərində bir yük var və bu yükü Moskva da bölüşür. Yaxşı olardı ki, istər Rusiya, istərsə də Ermənistan sülhməramlıların xidmət zonasındakı ərazilərdə qalan qanunsuz erməni silahlılarının çıxarılmasını təmin etsin, əks halda bu hüququn həyata keçirilməsi Azərbaycanın güc tətbiqi hesabına baş verəcək. Azərbaycanın Ermənistanla sərhəddə əldə etdiyi bir sıra nailiyyətlər İrəvanı danışıqlar stolunda zəiflədib çürüdən arqumentlərə çevrilir və etiraf etmək lazımdır ki, Bakıya sərhəddəki əməliyyatlara görə, Moskvadan da dəstək gəlib. Ona görə də, Soçi görüşündə sərhədlərə dair Rusiya Azərbaycanın mövqeyini bölüşəcək, lakin son günlər hadisələrin episentrinin yerini sərhəddən sülhməramlıların yerləşdiyi əraziyə dəyişməsi Bakı-Moskva xəttində fikir ayrılıqlarının olduğunu göstərir”. 


A. Kərimovun sözlərinə görə, Rusiya Qarabağdakı rıçaqlarını rəqibi olan ABŞ-nin əlinə keçməməsinə çalışır, Vaşinqton isə erməni kartını özünün qlobal maraqlarını təmin edən insan hüquqları prinsiplərinə söykətməyə cəhd edir: 


“Nəhayət, Rusiya ABŞ ilə olan rəqabətinin yaratdığı mənzərədən dolayı 10 noyabr bəyanatının şərtini təhrif edən bir xətdə gedir, burada Azərbaycan özünün prinsipial mövqeyindən və qətiyyətindən əl çəkməyəcək. İlham Əliyev bu nöqtədə 2022-ci ilin fevralın 22-də Azərbaycanla Rusiya arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə istinad edə bilər. Yəni, Azərbaycan öz ərazisindəki separatizm və ya onun ekvivalentində ola biləcək bir hərəkatın alovlanmasında Rusiyanın da məsuliyyətini xatırladacaq və Bakı-Moskva trafiki səylərini həmin neqativ tendensiyaya qarşı birləşdirmək çağırışı ilə məhz indi üz-üzədir.

Nəticə olaraq, Soçi görüşündən həlledici bir nəticə gözlənilməsə də, regionda nəqliyyat-kommunikasiya marşrutlarının açılması ana mövzulardan birini təşkil edəcək. 


Burada Putinin Əliyevə verəcəyi dəstək yenə özünü göstərəcək. Əliyev isə açılması gözlənilən Zəngəzur dəhlizi kontekstində Azərbaycan-Rusiya münasibətlərinin xarakterini və əməkdaşlığının dərinliyini önə çəkərək Qarabağ mövzusundakı Moskva ilə yaşanan fikir ayrılıqlarına son qoyan formulları təqdim edəcək. 

 

Ümumilikdə Soçi görüşü ilə Avropa İttifaqının moderatorluğu ilə keçirilən Əliyev-Paşinyan görüşü arasında daban-dabana ziddiyyət təşkil edən məqamlar axtarmağa dəyməz. 


Sadəcə Rusiya regiondakı saat əqrəblərini özünün maraqlarına tutuşdurmaq niyyətini bir daha nümayiş etdirdiyindən bəzi mübahisə yaradan məqamlar üzə çıxır. 
Digər tərəfdən, Rusiya Cənubi Qafqazda Türkiyə ilə əməkdaşlıq quraraq regional platformanın inşa edilməsinə çalışır, Ankara isə Bakı ilə strateji müttəfiq olduğundan Moskva həmin modeli İrəvanın ayağına verməz”. 


Turan Rzayev,

Sfera.az


OXŞAR XƏBƏRLƏR