Ərdoğandan Yunanıstana yunan dilində SƏRT XƏBƏRDARLIQ

Ərdoğandan Yunanıstana yunan dilində SƏRT XƏBƏRDARLIQ

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan rəsmi “Twitter” hesabında yunanca mesajlar paylaşaraq Yunanıstana xəbərdarlıq edib.

 

Sfera.az-ın “Haber Global”-a istinadən məlumatına görə, o, bildirib ki, Türkiyə adaların silahlandırılması ilə bağlı beynəlxalq müqavilələrin ona verdiyi səlahiyyətlərdən istifadə etməkdən çəkinməyəcək.

 

“Türkiyə heç kimin haqqı və hüququnu pozmur, lakin heç kimin öz haqqı və hüququnu pozmasına da imkan verməyəcək.

 

Ölkəmizin materik ərazisindən 2 kilometrdən az, Yunanıstandan isə 600 kilometrdən çox məsafədə yerləşən Şərqi Aralıq dənizindəki Meis adasına 40 min kilometrlik dəniz yurisdiksiyası tələbinin doğruluğunu beynəlxalq ictimaiyyətin ixtiyarına buraxırıq.

 

Qeyri-hərbi statuslu adalardan müxtəlif təlimlərdə istifadə etməyə çalışmaq, NATO və üçüncü tərəf ölkələrini bu qanunsuzluğa alət etməyə cəhd etmək sonu fəlakətlə nəticələnəcək səylərdən başqa bir şey deyil.

 

Yunanıstan Avropa Birliyinin üzvü olsa da, birliyin dəyərlərinə, ümumbəşəri insan haqlarına və beynəlxalq müqavilələrə məhəl qoymayaraq, Qərbi Trakya, Rodos və Kosda yaşayan türk azlığına təzyiqlərini davam etdirir.

 

Biz NATO daxilində hər cəhətdən ən yüksək tələbləri qarşılayan bir müttəfiq olaraq, son iki ildə hərbi nümayəndə heyətimizin görüş dəvətlərinə belə cavab verməyən Yunanıstanın təxribatlarını sakitliklə qarşıladıq.

 

Ancaq görürük ki, bizim səbrimiz, soyuqqanlılığımız qarşı tərəfdən yanlış anlaşılır.

 

Biz Yunanıstanı bir əsr əvvəl olduğu kimi bir daha xəbərdar edirik ki, xəyallardan, ritorikadan, peşmanlıqla nəticələnəcək hərəkətlərdən uzaq dursun, ağlını başına yığsın.

 

Türkiyə Egeydəki hüquqlarından əl çəkməyəcək və lazım gəldikdə adaların silahlandırılması ilə bağlı beynəlxalq müqavilələrin ona verdiyi səlahiyyətlərdən istifadə etməkdən çəkinməyəcək”, - dövlət başçısı qeyd edib.


OXŞAR XƏBƏRLƏR