"Şimal-Cənub" dəhlizinin Azərbaycan üçün iqtisadi səmərəsi nədən ibarətdir?

 

Əlverişli coğrafi mövqe Azərbaycanı bir sıra beynəlxalq nəqliyyat dəhlizlərinin iştirakçısına çevirir. Bunlardan biri də Hindistanı Orta Şərq, Qafqaz, Mərkəzi Asiya, Rusiya və Avropa ölkələri ilə birləşdirən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi layihəsidir. Bu layihənin reallaşdırılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır.

Bu dəhlizin Azərbaycan üçün iqtisadi səmərəsi nədir və bunun potensial imkanlarını necə artırmaq olar?

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çox böyük potensiala malikdir:

"Dəhlizin Azərbaycan üçün iqtisadi səmərəsi ilk növbədə ölkənin tranzit potensialının artırılmasından ibarətdir. Bununla yanaşı, Astara və Xaçmazda logistika mərkəzlərinin yaranması həmin regionda iqtisadi fəallığı artıracaq. Belə ki, mərkəzlərin daxilində istehsal sahələrinin fəaliyyətə başlaması ilə yeni iş yerləri yaranacaq və məşğulluğun artırılması təmin olunacaq".

Onun sözlərinə görə, Rusiyanın Yaxın-Şərq, Fars körfəzi regionu və Hindistanla ticarət dövriyyəsi son bir neçə ildə artan dinamika üzrə inkişaf etməsi dəhlizin, əslində, çox böyük potensiala malik olmasından xəbər verir.

O bildirib ki, burada durum birmənalı deyil: "Bu gün Şimal-Cənub faktiki olaraq eyni istiqamətlərdə Bosfor üzərindən yüklərin daşınmasına alternativdir. Əsas məsələ dəhlizin rəqabətqabiliyyətini artırmaqla yüklərin əhəmiyyətli hissəsinin buradan aşırılmasını təmin etməkdən ibarətdir. Burada sürət amili mühüm rol oynayır. Amma İran sərhəddindən Rusiyayadək uzanan dəmir yolu infrastrukturunun mövcud vəziyyəti yüksəksürətli hərəkəti təmin etməyə imkan vermir. Yüksəksürətli hərəkəti təmin etmək məqsədi ilə magistralın ötürücülük qabiliyyətini artırmaq lazımdır. Bunun üçün isə mövcud dəmir yolu xətlərinin yenilənməsinə ehtiyac var".

Ekspertin fikrincə, yüksəksürətli hərəkət, eyni zamanda, müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini tələb edir.

"Belə ki, dəhliz boyu çəpərləmə işləri aktivləşməli, siqnallaşma sistemi təkmilləşməli, rabitə işarəvermə xidməti dövrün tələbinə cavab verməlidir. Beləliklə, daha müasir dəmir yolu sistemi formalaşdıqca bu növ nəqliyyatın daxili yükdaşımalardakı payı əhəmiyyətli dərəcədə artacaq. Bu da öz növbəsində avtomobil yollarındakı yüklənməni kifayət qədər azaldacaq”, - R.Ağamirzəyev diqqətə çatdırıb.

Xatırladaq ki, Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək "Şimal-Cənub" nəqliyyat dəhlizi haqqında razılaşmanın birinci aktı 12 sentyabr 2000-ci ildə Sankt-Peterburqda Rusiya, İran və Hindistan arasında imzalanıb. Sonrakı illərdə razılaşmanı bütövlükdə 13 ölkə imzalayıb və müvafiq olaraq ratifikasiya edib.

Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Hazırkı marşrut (Suveyş kanalı) üzrə çatdırılma vaxtı 45-60 gündür, Şimal-Cənub vasitəsilə 14-20 gün olması gözlənilir.

Azərbaycan "Şimal-Cənub" layihəsinə 2005-ci ildə qatılıb və dəhlizinin ölkəmizin ərazisindən keçən hissəsində işlər artıq yekunlaşıb. Belə ki, Azərbaycanın Astara stansiyası ilə İranın Astara stansiyası arasında 9,7 km dəmir yolu xətti və iki ölkə sərhədində 82,5 m uzunluğu olan körpü inşa edilib. "Azərbaycan Dəmir Yolları” QSC həmçinin İran ərazisində 35 hektar ərazidə yük terminalı inşa edərək onu 25 illik müddətə və sərhəddən terminaladək tikdirdiyi 1,4 km uzunluğunda dəmir yolunu 15 illik müddətə icarəyə götürüb. Dəhlizin Azərbaycan ərazisi üzərindən keçən hissəsində gözlənilən yük daşıma həcmi, birinci mərhələdə - 3 milyon ton, ikinci mərhələdə - 5-8 milyon ton, üçüncü mərhələdə - 15 milyon ton təşkil edəcək.



OXŞAR XƏBƏRLƏR

Fransa və Almaniya ortaq tank layihəsi ilə bağlı anlaşma memorandumu İMZALADI

Fransa və Almaniya 2040-cı ilə qədər döyüş tankının birgə istehsalı layihəsinin növbəti mərhələsinə keçmək barədə razılığa gəliblər.   Sfera.az "...

Bakıda körpə eyvanda anasının qucağından düşərək ÖLDÜ- YENİLƏNDİ

Prokurorluq Bakıda körpənin mənzilin eyvanından düşərək ölməsi faktı ilə bağlı araşdırma aparır.   Sfera.az xəbər verir ki, aprelin 26-da saat 8 radə...

Prezident: "Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq"

Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir   Sfera.az xəbər verir ki, bu fik...

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...