Sergey Lavrovun Paşinyanı pərt edən açıqlamasına EKSPERT RƏYİ

Sergey Lavrovun Paşinyanı pərt edən açıqlamasına EKSPERT RƏYİ


"Lavrovun məlum açıqlaması Rusiya - Ermənistan münasibətlərində yaşanan soyuqluqdan qaynaqlanır”.


Bu sözləri Sfera.az-a açıqlamasında Rusiya xarici işlər naziri Sergey Lavrovun "Valday” diskussiya klubunun iclasında Ermənistan baş naziri Nikol Paşinyanın bir ay öncə Xankəndində səsləndirdiyi "Qarabağ Ermənistanındır, nöqtə” bəyanatına mənfi münasibət bildirməsini şərh edən "Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib:

 

"Hər halda sevindiricidir ki, böyük dövlətlərdən biri Paşinyanın həmin hərəkətinin münaqişənin həllinə töhfə verməyəcəyi, danışıqlar prosesinə mənfi təsir göstərəcəyini qeyd edib. Arzu edərdik ki, buna bənzər münasibətlər Rusiya prezidenti, digər həmsədr dövlətlərin prezidentləri tərəfindən də səslənsin. Bu mənada Lavrovun fikirləri tam arzuolunan səviyyədə verilən münasibət deyil, amma hər halda İrəvanın son davranışlarının zərərli olduğunu ortaya qoyan yanaşmadır”.


Bununla belə, həmsöhbətimiz Lavrovun həmin yanaşmasının münaqişənin gedişinə xüsusi təsir göstərəcək nəticə verəcəyini düşünmür: "Amma ən azından həm erməni, həm də beynəlxalq ictimai rəydə Ermənistanın imici, İrəvan rəsmilərinin sərgilədiyi yanaşmanın tənqidi baxımından müsbət dəyərləndiriləcək fikirlərdir. Bu açıqlama ABŞ və Fransa rəsmiləri üçün də nümunə ola bilər. Habelə bu Ermənistan ictimai rəyində fikir formalaşdıra bilər ki, İrəvanın atdığı addımlar bəzən Moskva tərəfindən də dəstək qazanmır”.

 

Orxan Əliyev


OXŞAR XƏBƏRLƏR