Bu əlavə beyni zədələnmədən qoruya bilər

Bu əlavə beyni zədələnmədən qoruya bilər
Kateqoriya məlum deyil
T

İdmançılar arasında əzələ gücünü və fiziki performansı artırmaq üçün istifadə edilən kreatin beynin xroniki bağırsaq iltihabının yaratdığı zədələrdən qorunmasına da kömək edə bilər.

Alimlər bu maddənin beyində iltihabi prosesləri azaltmaq və sinir hüceyrələrinin fəaliyyətini qorumaq potensialını aşkar ediblər.

Sfera.az xəbər verir ki, araşdırmanın nəticələri “Brain, Behavior, and Immunity” jurnalında dərc olunub.

Tədqiqat zamanı alimlər siçovullarda süni şəkildə xroniki xoralı kolit yaradıb və heyvanların bir hissəsinə xəstəlik başlamazdan 10 gün əvvəl başlayaraq hər gün içməli su ilə kreatin veriblər.

Nəticələr göstərib ki, bağırsaqdakı iltihab prosesi beyinə də təsir edir. Xüsusilə yaddaş, öyrənmə və emosional vəziyyətlə əlaqəli olan hipokamp nahiyəsində dəyişikliklər müşahidə edilib. Erkək siçovullarda sinir hüceyrələrinin zədələnməsi və fəaliyyət pozuntuları daha qabarıq olub.

Kreatin qəbul edən heyvanlarda isə beyində iltihabi proseslərin inkişafı zəifləyib, sinir hüceyrələrinin zədələnməsinə qarşı qoruyucu təsir müşahidə olunub. Hər iki cinsdən olan heyvanlarda beyindəki immun hüceyrələrinin aktivliyi və iltihaba səbəb olan maddələrin istehsalı azalıb.

Bundan başqa, kreatin sinir hüceyrələrində enerji balansının bərpasına kömək edib. Erkək siçovullarda sinir hüceyrələrinin zədələnməsinin və elektrik siqnallarının ötürülməsindəki pozuntuların da qarşısı alınıb.

Tədqiqatçılar hesab edirlər ki, kreatin gələcəkdə xroniki iltihabi bağırsaq xəstəlikləri zamanı beynin qorunması üçün perspektivli vasitə ola bilər.

Bununla belə, araşdırma heyvanlar üzərində aparılıb. Nəticələrin insanlarda da eyni təsiri göstərib-göstərmədiyini müəyyənləşdirmək üçün əlavə klinik tədqiqatlara ehtiyac var. Buna görə kreatini beyin xəstəliklərinin qarşısını alan sübut edilmiş vasitə kimi qiymətləndirmək hələ tezdir.

Fatimə

Sfera.az

Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR