Alzheimerin yaranmasına təsir edən 44 gen tapıldı

Alzheimerin yaranmasına təsir edən 44 gen tapıldı
Kateqoriya məlum deyil
T

Beynəlxalq alimlər qrupu Alzheimer xəstəliyinin yaranma mexanizmlərində rol oynaya biləcək 44 gen müəyyən edib.

Sfera.az xəbər verir ki, “Alzheimer’s & Dementia” jurnalında dərc olunan araşdırmaya görə, həmin genlər gələcəkdə xəstəliyin fərdi risklərinin qiymətləndirilməsi, profilaktikası və müalicəsi üçün potensial hədəfə çevrilə bilər. Tədqiqatda əsas diqqət APOE4 gen variantına yönəldilib. APOE4 Alzheimer xəstəliyi üçün ən güclü genetik risk faktorlarından biri hesab olunur. Bu variantın bir və ya iki nüsxəsini daşıyan insanlarda xəstəliyə tutulma riski APOE4 olmayan şəxslərlə müqayisədə təxminən 4-12 dəfə yüksək ola bilər. Lakin alimlər vurğulayırlar ki, APOE4 daşıyıcısı olmaq insanın mütləq Alzheimer xəstəliyinə tutulacağı anlamına gəlmir.

ABŞ-nin Sent-Luis şəhərində yerləşən Vaşinqton Universitetinin Tibb Fakültəsinin alimləri bəzi APOE4 daşıyıcılarının niyə uzun müddət sağlam qaldığını araşdırıblar. Bunun üçün Avropa, Afrika və Yaponiya mənşəli təxminən 450 min insanın genetik məlumatları təhlil edilib. Nəticədə müxtəlif hüceyrə tipləri ilə əlaqəli və Alzheimer xəstəliyinin inkişafında rol oynaya biləcək 44 gen müəyyənləşdirilib. Tədqiqatçılar bəzi genlərlə əlaqəli bioloji mexanizmlərə təsir göstərə biləcək potensial dərman maddələrini də müəyyən ediblər. Araşdırmanın ən diqqətçəkən nəticələrindən biri APOE4 ilə əlaqəli genlər və oliqodendrositlər arasındakı əlaqə olub.

Oliqodendrositlər sinir sistemində sinir liflərini əhatə edən və onların siqnalları effektiv ötürməsinə imkan verən mielin qişasının yaranmasında mühüm rol oynayır. Alimlərin fikrincə, oliqodendrositlərin fəaliyyətinin pozulması və mielinləşmənin zəifləməsi APOE4 ilə Alzheimer xəstəliyi arasındakı əlaqənin mümkün mexanizmlərindən biri ola bilər. Bu genlərin hədəfə alınması gələcəkdə sinir liflərini əhatə edən mielin qişasının qorunmasına və APOE4 daşıyıcılarında xəstəliyin təsirlərinin azaldılmasına kömək edə bilər. Tədqiqatçılar hesab edirlər ki, nəticələr fərdiləşdirilmiş Alzheimer müalicəsinə doğru mühüm addım ola bilər. Gələcəkdə həkimlər konkret pasiyentdə xəstəlik riskinin formalaşmasına təsir edən bioloji mexanizmləri müəyyənləşdirərək, onun genetik xüsusiyyətlərinə uyğun profilaktika və müalicə strategiyası seçə bilərlər.

Bununla belə, alimlər xəbərdarlıq edirlər ki, əldə olunan nəticələr hələ yeni müalicə üsulunun yaradılması demək deyil. Həmçinin müəyyən edilmiş genlərə təsir etməklə Alzheimer xəstəliyinin qarşısının alınacağı hələ sübut olunmayıb. Bu genetik mexanizmlərin təhlükəsiz və effektiv şəkildə müalicədə istifadə edilə bilməsi üçün əlavə araşdırmalara ehtiyac var.

Firuz

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR