Üzdə qızartı və şişkinlik — Bu, nəyin əlamətidir?

Üz nahiyəsində yaranan allergiyalar şişkinlik, qızartı və qaşınmaya səbəb ola bilər. Bu halda müalicə üçün ilkin addım kimi bəzi dərmanlardan, eləcə də sadə soyuq kompreslərdən istifadə tövsiyə edilir.
Bəs allergiyalar necə yaranır?
Sfera.az xəbər verir ki, üz allergiyası astma, burun axıntısı (rinit), göz iltihabı (konyunktivit), ekzema və kurdeşən (ürtiker) ilə eyni vaxtda özünü göstərə bilər.
Allergiya hər yaşda başlaması mümkündür. Bu əlamətlər insanda həm doğulduğu gündən yarana, həm də yetkin yaşlarında ortaya çıxa bilər. Kosmetik məhsullar, ev tozundakı gənələr, kif göbələkləri və heyvan tükləri allergiyanın yaranmasına səbəb olan əsas amillər sırasındadır.
Dodaqların, dilin və ya gözlərin şişməsi, dərinin quruyub çatlaması, gözlərin qızarması kimi əlamətlər saniyələr, dəqiqələr və ya bir neçə saat daxilində sürətlə arta bilir. Bu hallar adətən yüngül keçir və nadir hallarda həyat üçün təhlükəli olan allergik şoka (anafilaksiyaya) səbəb olur.
Allergiyanın nədən qaynaqlandığını bilmək ən doğru müalicəni seçməyə kömək edir. Müalicə növü isə əlamətlərin üzdə hansı nahiyədə olmasından və ağırlıq dərəcəsindən asılıdır.
Allergiyaya qarşı mübarizədə ən əlverişli üsul desensibilizasiyadır. Desensibilizasiya allergiyası olan insanın bədənini həmin allergik maddəyə tədricən öyrəşdirmək üsuludur. Bunun üçün bədənə həmin maddə əvvəlcə çox az miqdarda verilir və zaman keçdikcə dozası artırılır. Buradakı məqsəd bədənin həmin maddəyə əvvəlki kimi güclü və kəskin reaksiya verməsinin qarşısını almaqdır. Məsələn, arı sancmasına qarşı güclü allergiyası olan şəxsə həmin maddə mütəxəssis nəzarəti altında az miqdarda vurulur və tədricən artırılır.
Beləliklə, orqanizmin allergiyaya qarşı həssaslığını azaltmağa çalışırlar. Kortikosteroid qrupundan olan hormon əsaslı dərmanlar da bədəndəki iltihabı azaldır və nəfəs almadakı çətinlikləri aradan qaldırır. Allergik reaksiyalar ağır keçərsə və ya tez-tez təkrarlanarsa, mütləq həkimə müraciət etmək lazımdır.
İradə Elsevər






