Bu içki mədə xərçəngi riskini artırır

Hər gün şəkərli içkilər qəbul etmək mədə xərçəngi riskinin artması ilə əlaqəli ola bilər. Araşdırmanın nəticələri “Gastro Hep Advances” (GHA) jurnalında dərc olunub.
Sfera.az xəbər verir ki, “Mass General Brigham” alimləri 112 mindən çox insanın məlumatlarını təhlil edərək bu qənaətə gəliblər.
Tədqiqat iştirakçıları bir neçə onillik ərzində müşahidə olunub. Bu müddət ərzində 278 nəfərdə mədə xərçəngi aşkarlanıb. Digər risk faktorları nəzərə alındıqdan sonra məlum olub ki, gündə ən azı bir porsiya şəkərli içki qəbul edənlərdə xəstəliyin yaranma riski ayda bir dəfədən az belə içkilər qəbul edənlərlə müqayisədə 2,45 dəfə yüksəkdir.
Qadınlarda bu əlaqənin daha güclü olduğu müəyyən edilib. Gündəlik şəkərli içki istehlakı qadınlarda mədə xərçəngi riskinin 3 dəfədən çox artması ilə əlaqələndirilib.
Araşdırmada qazlı içkilər, limonadlar, şəkər əlavə edilmiş meyvə və idman içkiləri şəkərli içkilər kateqoriyasına daxil edilib. Tərkibində süni şirinləşdiricilər olan içkilərin isə mədə xərçəngi riskinin artması ilə əlaqəsi müəyyən edilməyib.
Alimlər həmçinin fruktoza istehlakını da araşdırıblar. Şəkərli içkilərin əsas şirinləşdiricilərindən biri olan fruktozanın daha çox qəbul edilməsi də mədə xərçəngi ehtimalının artması ilə əlaqələndirilib.
Tədqiqatçılar “Helicobacter pylori” infeksiyasının nəticələrə təsir edib-etmədiyini də yoxlayıblar. Məlumata görə, şəkərli içki istehlakı ilə bu bakteriyaya yoluxma arasında əlaqə aşkarlanmayıb.
Bununla belə, alimlər araşdırmanın müşahidə xarakterli olduğunu və şəkərli içkilərin birbaşa mədə xərçənginə səbəb olduğunu sübut etmədiyini vurğulayıblar. Nəticələr yalnız bu iki amil arasında mümkün əlaqəyə işarə edir.
İnci
Sfera.az






