"Yarım saat bunu etsəniz..." - Piylənmədən BELƏ QORUNUN

"Yarım saat bunu etsəniz..." - Piylənmədən BELƏ QORUNUN
Kateqoriya məlum deyil
T

Dünyada piylənmənin sürətlə yayılması gələcək illər üçün ciddi sağlamlıq riskləri yaradır.

Mütəxəssislər problemin yalnız çox yeməklə bağlı olmadığını, müasir həyat tərzinin, hərəkətsizliyin, psixoloji faktorların və qida seçimlərinin də piylənməyə təsir etdiyini bildirirlər.

Sfera.az-a danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynovanın sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının 2030-cu ilə qədər dünya əhalisinin 50 faizinin piylənmədən əziyyət çəkə biləcəyi ilə bağlı proqnozu problemin miqyasını göstərir.

M.Hüseynova bildirib ki, fəst-fud, şəkərli və qazlı içkilərin geniş yayılması, meyvə-tərəvəz və lifli qidaların kifayət qədər qəbul edilməməsi gündəlik kalori miqdarını artırmaqla yanaşı, orqanizmin keyfiyyətli qida maddələri ilə təminatını da zəiflədir:

“Texnologiyanın inkişafı da bu problemin böyüməsində rol oynayır. İnsanların telefon və kompüter qarşısında daha çox vaxt keçirməsi, uzun müddət hərəkətsiz qalması fiziki aktivliyi azaldır. Bununla yanaşı, genetik faktorlar da nəzərə alınmalıdır. Bəzi insanlar piylənməyə daha meyilli olurlar və qidalanmalarına xüsusi diqqət yetirməlidirlər”.

Mütəxəssis psixoloji amillərin də çəki artımına təsir etdiyini vurğulayıb. Onun sözlərinə görə, stress, depressiya və emosiyaların düzgün idarə olunmaması bəzi insanlarda həddindən artıq qida qəbuluna, digərlərində isə uzun müddət iştahsızlıqdan sonra nəzarətsiz qidalanmaya səbəb ola bilər.

M.Hüseynova diqqətə çatdırıb ki, piylənməyə yalnız xarici görünüş və artıq çəki problemi kimi yanaşmaq düzgün deyil. Artıq çəki daxili orqanların yağlanmasına və onların fəaliyyətinin pozulmasına, ürək-damar xəstəlikləri, yüksək təzyiq, xolesterin və diabet riskinin artmasına səbəb ola bilər. Bundan başqa, tənəffüs problemləri, yuxu apnesi, oynaqlara və sümüklərə düşən yükün artması da piylənmənin yaratdığı fəsadlar sırasında göstərilir. Onun sözlərinə görə, problemin qarşısının alınması üçün mübarizəyə erkən yaşlardan başlamaq lazımdır. Yüksək kalorili və şəkərli qidaların, emal olunmuş məhsulların istehlakının azaldılması, təbii meyvə-tərəvəz və paxlalıların qida rasionunda artırılması, gündəlik fiziki aktivliyin təmin edilməsi vacibdir.

“Gündə yarım saat normal tempdə gəzmək və yüngül idman hərəkətləri belə müntəzəm şəkildə edildikdə piylənmənin qarşısının alınmasına kömək edə bilər. Qidalanma ilə yanaşı, kifayət qədər su qəbuluna da diqqət etmək lazımdır”, – ekspert qeyd edib.

Məhsəti Hüseynova hesab edir ki, sağlam qidalanma və aktiv həyat tərzinə kifayət qədər diqqət ayrılmasa, 2030-cu ildə piylənmənin miqyası daha böyük sağlamlıq böhranına çevrilə bilər.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR