Yayda lazer göz əməliyyatı - Üç qaydaya əməl edilməlidir

Yay aylarında lazer göz əməliyyatına maraq artsa da, prosedurun vaxtı və əməliyyatdan sonrakı qorunma qaydaları xüsusi diqqət tələb edir.
Sfera.az xəbər verir ki, türkiyəli oftalmoloq, dosent Başak Bostancı lazer göz əməliyyatının yay aylarında da edilə biləcəyini, lakin əməliyyatdan sonra günəş, hovuz və dənizdən qorunma qaydalarına əməl edilməsinin vacib olduğunu bildirib.
Bostancı qeyd edib ki, prosedurdan sonra ilk həftələrdə günəş şüalarından qorunmaq, dəniz və hovuz kimi infeksiya riski yarada biləcək məkanlardan uzaq durmaq, eləcə də həkim tərəfindən təyin olunan dərman damcılardan düzgün istifadə etmək vacibdir.
Mütəxəssisin sözlərinə görə, əməliyyatın tətilə və səyahət planlarına uyğun vaxtda keçirilməsi sağalma prosesinin daha rahat olması üçün önəmlidir.
Oftalmoloq qeyd edib ki, lazer göz əməliyyatında bütün xəstələr üçün eyni metod tətbiq edilmir. Ətraflı müayinədən sonra xəstənin göz quruluşu və ehtiyacları nəzərə alınaraq ən uyğun müalicə üsulu müəyyənləşdirilir.
İradə Elsevər






