Rusiya sülhməramlılarının Qarabağda qalması Milli Məclisdə müzakirəyə çıxarılmalıdır - Politoloq

Rusiya sülhməramlılarının Qarabağda qalması Milli Məclisdə müzakirəyə çıxarılmalıdır - Politoloq
"Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsinin strateji, hüquqi və mənəvi əsasları yoxdur”.

Sfera.az-ın məlumatına görə, bunu siyasi şərhçi Züriyə Qarayeva deyib. O,  Ermənistanın bu öhdəliyi yerinə yetirməmək səbəbindən söz açıb:

"Onlar Azərbaycan xalqını qorxu içərisində saxlayaraq xof yaratmaq istəyirlər. O cümlədən bölgədə inteqrasiya və rekonstruksiya prosesini gecikdirərək Qarabağın dirçəlişinə əngəl olmaq, məğlubiyyətlərini həzm etməyərək qarşı tərəfdən riyakarcasına qisas almaq kimi səbəblər də bura daxildir. Ancaq bu əməllər həm də yerli ermənilərin də bölgəyə köç edib birgəyaşayışına mane olur ki, bu faktın özü bir daha onların sülhə meyilli xalq olmadığını, yad torpağında olduqları üçün gözlərini qırpmadan talan etdiklərini ortaya qoyur”.

Z.Qarayevanın sözlərinə görə, müharibə bitdikdən bu günə qədər Qarabağda mina partlayışı nəticəsində dünyasını dəyişən insanların statistikası və milli mənsubiyyəti də göstərir ki, nəinki ermənilər, hətta rus sülhməramlıları da minalanmış ərazilərin xəritələrinə sahibdirlər:
 
"Rusiya "dost" mövqeyini ortaya qoyaraq, ya əlindəki xəritələri Azərbaycan tərəfinə də təqdim etməlidir, ya da erməniləri məcbur etməlidir ki, onlar boyunlarının borcu olaraq qalib tərəfə təqdim etsinlər. Əks halda Milli Məclis sülhməramlıların Qarabağda qalması məsələsinə yenidən baxmalıdır.  Biz yumşaq mövqe nümayiş etdirdikcə, dövlətçiliyimizə qarşı imperialist güclərin təzyiqinə adekvat sərt cavab verilmədikcə, erməni-rus tandemi öz mənfur taktikasını davam etdirəcək”.
 
Günay
 

OXŞAR XƏBƏRLƏR