“Rusiya Qarabağdakı qondarma rejimi himayə edir” – Deputatdan antiterror əməliyyatına çağırış

“Rusiya Qarabağdakı qondarma rejimi himayə edir” – Deputatdan antiterror əməliyyatına çağırış
"Azərbaycan ərazisində tanınmamış separatçı qurum mövcuddur və fəaliyyətini davam etdirir. Bu fəaliyyət Azərbaycan qanunlarına və dövlət müstəqilliyinə qarşıdır”.

Bunu Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov sentyabrın 2-də Xankəndidə separatçı-terrorçu rejimin qondarma "müstəqillik günü” keçirməyə hazırlaşmasından danışarkən deyib.

O bildirib ki, separatçı rejim cinayətkar qurumdur və bütün üzvləri həbs olunmalı, cəzalandırılmalıdır:

"Təəssüf ki, bu gün həmin ərazi Rusiya Federasiyasının nəzarətindədir, rus sülhməramlılarının himayəsi altındadır. Tarix boyu olduğu kimi, Rusiya bu gün də bizə tərəfdaş olduğumuzu, əməkdaşlıq etdiyimizi, mehriban qonşuluq şəraitində yaşadığımızı deyir. Ancaq bunun müqabilində Rusiya bizim ərazimizdə separatçı qurumu himayə edib, saxlayır. Bu elə Rusiyanın da qanunlarımıza qarşı hörmətsizliyidir. Bunu açıq demək lazımdır. Kimlərsə bu fikirlərin münasibətlərimizə soyuqluq gətirəcəyini düşünə bilər, kimlərinsə xoşuna gəlməyə bilər. İstəyir soyuqluq gətirsin, istəyir lap buzlaşdırsın.
 
Separatçı qurum 1991-ci ildə elə Sovetlər İttifaqının xeyir-duası ilə yaradılıb, daha sonra Rusiya dövlətinin himayəsində olub. Əgər belə olmasa, Azərbaycanın cinayətkar elan edib, axtarışa verdiyi separatçı quruma rəhbərlik edənlər həbs olunardı. Rus sülhməramlıları onları həbs edərək bizə verməli idi və separatçı qurumu ləğv edib ərazilərimizdən çıxarmalı idilər. Təəssüf ki, bu gün ərazilərimizin bir hissəsində separatçı qurum özünün bütün strukturları ilə mövcuddur və fəaliyyətini sərbəst şəkildə davam etdirir, öz hərbi qüvvələri, polisləri və.s. var”.

Müsahibimiz qeyd edib ki, Azərbaycan mövcud durumun qarşısını almalıdır:

"Bu barədə nə Rusiyadan, nə də başqa dövlətlərdən, hər hansı beynəlxalq qurumdan soruşmalıyıq. Rusiya bir dövlət kimi razı olarmı ki, onun daxilində separatçı qurum mövcud olsun və fəaliyyət göstərsin? Heç bir dövlət bununla razılaşmaz. Bəs biz niyə buna göz yummalıyıq? Hesab edirəm ki, separatçı qurumun ləngimədən məhv edilməsi üçün Azərbaycan müvafiq tədbirlər görməlidir. Bunu biz etməliyik, bizdən başqa heç kim etməyəcək.
 
Əgər gözləsək ki, ya Rusiya, ya da hər hansı beynəlxalq təşkilat edəcək, bu olmayacaq. Çünki onların himayəsi altında separatçı qurumlar, cinayətkar dəstələr yaradılıb. Biz özümüz ərazimizdə qanunları bərpa etməliyik. Bunun üçün də antiterror əməliyyatlarına başlayıb rus sülhməramlılarını da torpaqlarımızdan çıxarmalıyıq, Laçın dəhlizinə də özümüz nəzarət etməliyik, həmin separatçı qurumları da məhv etməliyik - ərazimiz birdəfəlik təmizlənməlidir. Bunu etməsək, həmin separatçı qurum günü-gündən güclənəcək və günlərin birində də təhlükəli faəliyyətlərinə başlayaraq bizə qarşı yenə növbəti müharibənin başlanğıcını qoyacaqlar”.

Qeyd edək ki, separatçıların "parlament sədri” Artur Tovmasyan İrəvanda Ermənistan parlamentin sepikeri Alen Simonyanla görüşüb və onu qondarma "müstəqillik günü”nə dəvət edib. Tovmasyan Ermənistan parlamentindəki bütün fraksiya rəhbərləri ilə görüşməyə və onları da dəvət etməyə hazırlaşır.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR