Paşinyan konstitusiyanı dəyişir: Müxalifətin müqavimətini qıra biləcəkmi?
Ermənistanda Azərbaycanla yekun sülh sazişinin imzalanması üçün konstitusiya dəyişikliyinin zəruriliyi ətrafında siyasi müzakirələr davam edir. Erməni mediasının məlumatına görə, Baş nazir Nikol Paşinyan bu istiqamətdə islahatlara hazırlaşır. Lakin konstitusiya məsələsi ölkə daxilində narazılığa səbəb olur, hakimiyyətlə müxalifət arasında fikir ayrılıqları isə getdikcə dərinləşir.
Belə bir şəraitdə Paşinyan müxalifətin müqavimətini necə aradan qaldırmağa çalışacaq və sülh prosesinin taleyi daxili siyasi mübarizədən necə təsirlənəcək?
Politoloq Elçin Xalidbəyli Sfera.az-a açıqlamasında bildirib ki, Paşinyan hakimiyyəti artıq Azərbaycanla yekun sülh sazişinin imzalanmasının alternativinin olmadığını anlamağa başlayıb.
Onun sözlərinə görə, sülh prosesinin rəsmiləşdirilməsi Ermənistanın gələcək inkişafı və regionda iqtisadi-siyasi əlaqələrin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır:
“Bu prosesin qarşısındakı əsas maneələrdən biri Ermənistanın daxilində xarici qüvvələrin təsirində olan müxalif dairələrin mövcudluğudur. Həmin qüvvələr Azərbaycanla sülhün əldə olunmasına müqavimət göstərir və Paşinyan hakimiyyətinin qərarlarını çətinləşdirir. Yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında dəyişikliklərin aparılması vacib məsələlərdəndir. Ölkənin əsas qanununda Azərbaycana qarşı ərazi iddiaları kimi qiymətləndirilən müddəalar aradan qaldırılmadan sülh sazişinin imzalanması ciddi suallar doğura bilər. Bu səbəbdən rəsmi Bakının konstitusiya islahatları ilə bağlı mövqeyi dəyişməz qalır”.

Politoloq qeyd edib ki, Paşinyan hakimiyyəti müxalifətin müqavimətini hələlik tam aradan qaldıra bilməsə də, bu istiqamətdə siyasi manevrlərə əl ata bilər. O, baş nazirin növbədənkənar seçkilərin mümkünlüyü ilə bağlı açıqlamalarını da müxalifətə ünvanlanan siyasi xəbərdarlıq kimi qiymətləndirib.
“Paşinyan müxalifətin zəifləyən mövqeyindən istifadə edərək siyasi üstünlüyünü möhkəmləndirməyə çalışa bilər. Bu baxımdan, növbəti parlament seçkiləri və konstitusiya islahatları Ermənistanın daxili siyasi gündəmində həlledici mövzulardan birinə çevrilə bilər.
Konstitusiya dəyişikliyi və yekun sülh sazişinin imzalanması məsələləri Ermənistanın gələcək inkişaf perspektivləri ilə birbaşa bağlıdır. Sazişin imzalanmaması ölkənin regional əməkdaşlıq imkanlarını məhdudlaşdıra və təcriddən çıxış prosesini ləngidə bilər”, - ekspert bildirib.
İradə Elsevər






