“Rusiya müdaxilə etdikcə sülhdən uzaqlaşırıq” – Deputatdan AÇIQLAMA
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mixail Kaluqin “RİA Novosti”yə müsahibəsində bildirib ki, Rusiya Azərbaycan və Ermənistana sülhün əldə olunması üçün kömək göstərməyə hazırdır. O qeyd edib ki, tərəflər müraciət edərsə, Moskva vasitəçiliyi təmin edə bilər:
“Rusiya Cənubi Qafqazda əmin-amanlığın təmin olunmasına zəruri dəstək verməyə hazırdır”.
Bəs Rusiya niyə məhz indi vasitəçilik təşəbbüsü ilə çıxış edir? Ümumiyyətlə, Rusiya tərəflər arasında hansı rolu oynaya bilər?
Bu haqda Milli Məclisin deputatı Hikmət Babaoğlu Sfera.az-a açıqlama verib.
Onun sözlərinə görə, rusiyalı diplomat Kaluqinin sülhlə bağlı səsləndirdiyi fikirlər real vəziyyətin gerisində qalan yanaşmalardır:
“Çünki artıq Ermənistan və Azərbaycan arasında sülh sənədi bir il əvvəl ABŞ-də razılaşdırılıb və paraflanıb. Hazırda isə bu razılaşmanın həyata keçirilməsi mərhələsinə qədəm qoymuşuq. Yəni proses başlayıb. Belə olan halda biz Kaluqinin səsləndirdiyi sülh fikirlərinin arxasında başqa elementlər axtarmalıyıq. Çünki bu, artıq sülh axtarışlarından daha çox, sülh prosesinə müdaxilə edərək öz imperativ maraqlarını diktə etmək cəhdlərinə bənzəyir”.

H.Babaoğlu qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh sənədinin razılaşdırılması prosesində Rusiyanın mövqeyi də məlumdur:
“Bizə sülh lazım olanda, sülh mətninin razılaşdırılması lazım olanda Rusiyanın hansı mövqedən çıxış etdiyini bilirik. Avropa Birliyinin hansı mövqedən çıxış etdiyini biz bilirik və nəticədə bu mövqelərin təzyiqi altında sülhün də əldə olunmadığını bilirik. Biz sülh razılaşmasını Amerika Birləşmiş Ştatlarında əldə etdik. Demək ki, onda biz Kaluqinin fikirlərini sülhün əldə olunması üçün kömək yolu yox, əldə olunmuş sülhün pozulması üçün müdaxilə cəhdləri kimi qiymətləndirməliyik. Və çəkinmədən, açıq şəkildə də bunu bu şəkildə bəyan etməliyik. Çünki Rusiya nə qədər Ermənistan-Azərbaycan məsələlərinə müdaxilə edirsə, bir o qədər biz sülhdən uzaqlaşırıq”.
Bəsti Rəfizadə






